Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir.
Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər.
Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.