Salyan Dövlət Kukla Teatrı
Salyan Dövlət Kukla Teatrı – 1973-cü ildə Salyanda yaradılmışdır.
Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin "Artıq tamah baş yarar" əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975-ci ildə " Xalq kollektivi " adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994-cü il iyulun 4 –də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin "Artıq tamah baş yarar ", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti ", Rəhman Əlizadənin "Keçəlin toyu", Rafiq Savalanın "Qayğıkeş Nigar", "Tələ quran özü düşər ", Abdulla Şaiqin "Danışan Kukla", İsgəndər Coşqunun "Tülkü həccə gedir", Tofiq Kərimin "Quyruqlu ulağın sərgüzəştləri", Əli Əlizadənin "Keçəl Həmzənin hiyləsi", Həsənağa Hüseynovun "Ulamaqdan mələməyə", Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin "Yetim fatma", R. Kipinqin " Başlı başına gəzən pişik" və başqa 60 qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni – kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir.