Ləki
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
== Toponimikası ==
Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur.
== Ümumi məlumat ==
Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir.
Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir.
== Əhalisi ==
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı.
Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.