Müəllimim Qoşqar Əhmədov
Müəllimim Qoşqar Əhmədov — kitab Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyatına və elmi yaradıcıllığına həsr olunmuşdur. Çoxsaylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda Qoşqar Əhmədovun həyat yolu haqqında məlumat verilmişdir.
Kitab ön söz, Qoşqar Əhmədovun həyat və fəaliyyətinə həsr olmuş 17 bölmədən, ad göstəricisindən, istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda verilən məlumatlar daha çox arxiv materiallarına əsaslanmış və professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapmışdır.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: "Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq!
Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir."
== I bölmə ==
Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy rayonu, onu yetirən mühit və şərait, səkkiz uşaq boya-başa catdırmış valideynləri – atası, dövrünün tanınmış ziyalısı, əməkdar müəllm, Qırmızı Əmək bayrağı ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verilir.