Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri
== Həyatı ==
Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.