Oğuz səsi (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet.
Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır.
Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır.
Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.