Vergül
Vergül (,) – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir.
Vergül cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında (Məsələn: Nizaminin, Füzulinin, Vaqifin), tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında (Məsələn: gələn gəldi, gedən getdi), cümlələrdə əlavə və xüsusiləşmələri ayırmaq üçün (Məsələn: süfrəyə bal qoyuldu, əsl beçə balı), cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün (Məsələn: O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib) istifadə olunur.
Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə sayılır. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir.
== Azərbaycan dilində vergülün işlənməsi ==
Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir. Məsələn,
Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür.
Ehtiyac, aclıq, zülm qoymadı göz açam.
Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur.
Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik.