Nəcməddin Əhmədov
Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası – 7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1986), Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi (1971–1981), Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964–1971).
Nəcməddin Xələf oğlu Əhmədov 1923-cü ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən müharibəsində iştirak etmiş, 1953-cü ilədək texnik, sərnişin xidməti rəisinin köməkçisi, yol distansiyası kadrlar şöbəsinin rəisi Zaqafqaziya dəmiryol Bakı şöbəsinin siyasi şöbəsində rəis köməkçisi, Bakı dəmiryol qovşağı qovşağı birləşmiş partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbinin müdavimi olmuşdur.
Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərmişdir.
Nəcməddin Əhmədov 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X və XI çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.