Misirlilər əsas allahlarının (Günəş allahı Ra) şərəfinə bütov qaya parçasından yonulmuş hündür, nazik sütunlar ucaldırdılar. Günəş şüalarını özünə cəlb etmək üçün sütunun yuxarı hissəsini üzəri parlayan metalla örtülmüş piramida şəklində olan ucluq tamamlayırdı.
Belə sütunlar Misirdə, əsasən, Yeni Padşahlıq dövründə, yəni e.ə. XVI–XV əsrlərdə geniş yayılmışdı. E.ə. təxminən 1500-cü ildə I Tutmos hündürlüyü 80 fut olan sütun ucaltdırdı. Onun varisi çariça Hatşepsut hər birinin hündürlüyü 96 fut olan iki belə sütun yondurdu. Bizə gəlib çatan ən hündür sütun isə 106 fut hündürlüyündədir.
Yunan turistlərin Misirə axını başlayanda onlar bir yandan bu sütunların möhtəşəmliyinə heyran qalır, o biri yandan isə qədim insanların əllərində olan ən sadə mexanizmlərlə bu sütunları necə ucalda bildiklərinə təəccüblənirdilər.
Yunanlar bu sütunlara məzəli ad – obelisk (balaca mil) adı verdilər. Bu ad əsrləri aşaraq günlərimizə qədər gəlib çatdı. İndi biz tənasübsüzlüyünə fikir vermədən göylərə ucalan istənilən tikilini belə adlandırırıq. (Ayzek Azimov. Sözlərin tarixi)