Azərbaycan Sevgi Poeziyası
Bütün dövrlərdə yaşamış Azərbaycan şairlərinin sevgiyə həsr olunmuş şeirlərindən ibarət çoxcildli kitab (külliyyat).
Xəzər Universiteti Nəşriyyatında 2008-ci ildən başlayaraq çap olunan bu toplunun tərtibçisi Hamlet İsaxanlıdır.
== Məqsəd ==
"Azərbaycan Sevgi Poeziyası" ensiklopedik toplusunun artıq ilk üç kitabı işıq üzü görmüşdür. Hamlet İsaxanlının "Yaxşı sevgi şeirlərimiz..." sərlövhəli ön sözündə kitabın tərtib olunması ilə bağlı məsələlər haqqında yazılmışdır:
"Azərbaycan poeziyasının zəngin tarixində sevgi aparıcı mövzulardan biridir və şübhəsiz ki, sevgiyə həsr olunan şeirlər ən çox əzbərlənən və sevilən poetik nümunələr arasındadır. Böyük-kiçik hökmdarların, müxtəlif dini, siyasi ideologiyaların hakim olduğu zamanlarda yazıb-yaradan, sarayla dil tapan, ona xidmət edən və ya saraylarla əlaqəsi olmayan şairlərimiz könlünü eşq aləminə vermiş, ədəbiyyatımızı yaşadan şah əsərlər qoyub getmişlər. Klassiklərimizlə yanaşı bir çox orta əsr və çağdaş dövr şairlərimiz də ağızda gəzən, ürəkləri oynadan, musiqiyə dönən gözəl sevgi şeirləri yazmışlar. Bu şeirləri seçib, bir yerə toplayıb bütöv şəkildə oxuculara təqdim etmək çoxdankı arzum idi".
== Tərtib prinsipləri ==
"Şairlərimizin ən yaxşı sevgi şeirlərinin hamısını, yaxşı sevgi şeirlərinin isə çox böyük qismini kitaba daxil etmək istədim. Adətən ən yaxşı şeirlərin seçimi poeziya həvəskarları və biliciləri, şeir yazan və şeir sevənlər arasında böyük fikir ayrılığı doğurmur, "sadəcə yaxşı" şeirlər barədə isə fikir müxtəlifliyi olması mümkündür (və bu təbiidir –zövqlər müxtəlifdir, "yaxşı nədir, pis nədir?" sualına hərənin öz cavabı var).
Seçimimi tələsmədən, yüz ölçüb bir biçərək, şeirlərin bədii və estetik dəyəri, fikir yükü, orijinallığı kimi əlamətlərə dayanaraq etdim.