Qılman Musayev
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967).
Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.
Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.
Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.
Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.