Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.
Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir.
Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.