Məhəmməd Şahtaxtinski
Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski (10 iyul 1932, Bakı – 23 aprel, Bakı) — fizik, fizika elmləri doktoru (1968), professor (1971), Azərbaycan Milli Elmlər Akademiaysının həqiqi üzvü (1989), Azərbaycan Respublikasının Əməkdar elm xadimi.
Məhəmmədəmin Şaxtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, Azərbaycan SSR Milli EA-nın akademiki Həbibulla bəy Şahtaxtinskinin oğludur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra o, Moskva Energetika İnstitutunda Radiotexnika fakültəsində təhsil alıb və 1956-cı ildə ali təhsilini tamamlayıb.
Məhəmmədəmin Şaxtaxtinski əmək fəaliyyətinə 1956-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb. O, 1961-ci ildə kiçik elmi işçi, 1968-ci ildə böyük elmi işçi kimi fəaliyyət göstərib. 1968-1987-ci illərdə laboratoriya müdiri, 1987-ci ildən isə institutun Bərk cisimlər elektronikası şöbəsində şöbə müdiri vəzifəsini icra edib.
Son illər Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmlər Bölməsi bürosunun üzvü kimi də fəaliyyət göstərib. Bununla yanaşı, Məhəmmədəmin Şaxtaxtinski Azərbaycan Fizika Cəmiyyətinin prezidenti (1991), Avroasiya Fizika Cəmiyyətinin vitse-prezidenti vəzifələrini icra edib (1991).
Məhəmmədəmin Şaxtaxtınski 1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını alıb.