Hayk Qarqaryan
Hayk Avetisoviç Karkaryan (erm. Հայկ Ավետիսովիչ Կարկարյան; 4 sentyabr 1904, Şavşeti[d], Batum vilayəti – 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1949–1953), Azərbaycan SSR təmli məhsullar sənayesi naziri (1947–1949), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi (1939–1941), Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1937–1939).
== Həyatı ==
Hayk Avetisoviç Karkaryan 1904-cü ildə keçmiş Batum vilayətinin Şavşeti kəndində dəmirçi ailəsində anadan olmuşdur. Erkən yaşda valideynləri vəfat etdiyi üçün uşaq evinə verilmiş, burada komsomol yığıncaqlarına qoşulmuşdur. 1924-cü ildə komsomol sıralarına qatılmış, 3 ildən sonra isə komsomol təşkilatı tərəfindən işçi fakültəsinə oxumağa göndərilmişdir. 1931-ci ildən ÜİK(b)P üzvü olmuşdur.
1934-cü ildə işçi fakültəsindən məzun olduqdan sonra o, yeni açılmış Beriya adına mədənə (Zığ mədəni) işləməyə göndərilmişdir. O, burada qazma qrupunda həmkarlar ittifaqı komitəsinin sədri, sonra isə rayon mədən komitəsinin sədri vəzifələrində işləmişdir. Beriya adına mədəndən sonra qısa müddət ərzində Azərbaycan Kommunist Partiyası Kaqanoviç Rayon Komitəsində, sonra isə Qafqaz Neft Mədən İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi aparatında işləmişdir. Kaqanoviç rayon partiya komitəsi plenumunun üzvü olmuşdur.