Məqsəd Qocamanov
Məqsəd Qocamanov — texniki elmlər doktoru, professor, BDU-nun kafedra müdiri, Geodeziya və Kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru, beynəlxalq Fotoqrammetriya və məsafədən Duyma Təşkilatının Azərbaycan nümayəndəliyinin sədri.
Məqsəd Qocamanov 1960-cı il martın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1967-1977-cü illərdə 2 №-li Daş Salahlı kənd orta məktəbində oxuyub. 1977-1982-cı illərdə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin (MİİQAiK) geodeziya fakültəsində astronomik-geodeziya ixtisası üzrə (əlavə dəniz geodeziyası ixtisaslaşması almaqla) əyani şöbədə, 1986-1989-cu illərdə MİİQAiK-də əyani aspiranturada (namizədlik dissertasiyasının mövzusu: "Dənizdə obyektlərin koordinatlarının təyin edilməsi üçün Yerin süni peyk sistemi və Yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə metodlarının işlənməsi "; elmi dərəcəsi: texnika elmləri namizədi), 2002-2005-ci illərdə MİİQAiK-də əyani doktoranturada (doktorluq dissertasiyasının mövzusu: "Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnologiyalarının işlənməsi"; elmi dərəcəsi: texnika elmləri doktoru) təhsil alıb. Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani şöbədə Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş, geodeziya-kartoqrafiya elmi sahəsində ilk və yeganə azərbaycanlı elmlər doktorudur. 1985-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində iki illik ingilis dili kursunu bitirib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı( 30 noyabr 2012-ci il), Fəxri fərman ( 17 dekabr 2014-ci il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 №-li müəssisəsində ( AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi) mühəndis-briqadir, Texniki Nəzarət şöbəsində baş müfəttiş, 1989-1992-ci illərdə AzNEFTKİMYA İnstitutunda laboratoriya müdiri, assistent, 1992-1994-cü illərdə BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, 1994-2006-cı illərdə dosent olaraq çalışıb. 2006-cı ilin iyulundan kafedranın professoru, 2011-ci ilin iyulundan isə müdiridir. "Geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması və tarazlaşdırılması", "Xəritələrin geodeziya əsasları", "Geodeziya və kartoqrafiya", "Ali və kosmik geodeziya" fənnlərindən dərs deyir.