M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu
Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət təhsil müəssisəsi.
Slavyan və german dillərinin, ədəbiyyatının, mədəniyyətinin, coğrafiyasının, tarixinin, siyasətinin öyrənilməsində ixtisaslaşan universitetdə rus, polyak, çex, ingilis, alman, bolqar, ukrayn, yunan, slovak, belarus, serb, xorvat, bosniya, fransız, türk dilləri və ədəbiyyatı üzrə müəllimlər, filoloqlar, tərcüməçilər, həmçinin diplomatlar, jurnalistlər, eləcədə bu ölkələrin beynəlxalq münasibətləri, mədəniyyəti, coğrafiyası, tarixi üzrə mütəxəssislər hazırlanır.
Bakı Slavyan Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, Azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.
Bakı Slavyan Universitetinin Rusiya, Polşa, Ukrayna, Çexiya, Yunanıstan, Bolqarıstan, Slovakiya, Serbiya, Belarus, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Türkiyə, Moldova, Rumıniya, Şimali Makedoniya və digər Şərqi Avropa, Baltikyanı (Latviya, Litva, Estoniya), Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) ölkələrinin universitetləri, institutları, dövlət təşkilatları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur və həmin ölkələrdəki universitetlərlə tələbə mübadiləsi müqavilələri bağlamışdır.
Universitet Beynəlxalq Kadrlar Akademiyasının, Avropa Universitetləri Assosiasiyasının (EUA), Universitetlərin Böyük Xartiyasının (Magna Charta Universitatum), Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimlərinin Birliyinin (MAPRYAL), Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasının, Beynəlxalq Slavyan Universitetləri Assosiyasiyası, Xəzəryanı Ölkələrin Universitetləri Assosiyasiyasının üzvüdür.
== Tarixi ==
=== Sələfi ===
BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M. F. Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi.1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu.
1952-ci ildə M. F. Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrildi.1956–1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirildi.1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti "Azərbaycan SSR-in ali pedaqoji məktəblərinin istiqamətləri haqqında" qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradıldı.