Süni intellekt
Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), virtual assistentlər ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir.
Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir.
Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər.