Salam Qədirzadə
Salam Qədirzadə (10 aprel 1923, Bakı – 15 noyabr 1987, Bakı) — Məşhur Azərbaycan yazıçısı, dramaturq.Azərbaycanın məşhur alimi, professor, tanımış ictimai xadim
== Həyatı ==
Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.