Samur-Abşeron kanalı
Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri.
1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi.