Samur-Dəvəçi kanalı

Samur-Abşeron kanalı — Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri.

Samur-Abşeron kanalı
Samur-Abşeron kanalında baş suqəbuledici. Samurçay. 1955
Samur-Abşeron kanalında baş suqəbuledici. Samurçay. 1955
Axdığı yerlər Abşeron, Azərbaycan
Mənsəb Xəzər dənizi
Uzunluğu 183,3 km.

1938-ci ildə Samurçaydan Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 m³/san olan Samur-Dəvəçi kanalının layihəsinin baş mühəndisi Səlimbəyov Cəfər Vahab oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqaları yaxından iştirak etmişlər. Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş "Xalq tikintisi" metodundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır. Layihəçilər demək olar ki, iş yerlərini Quba şəhərinə dəyişmişdilər. Kollektivin əsas işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların istifadəsinə verilirdi. Tikinti aparılan müddətdə yaranmış çoxsaylı mürəkkəb texniki məsələlər layihəçilərin gərgin əməyi nəticəsində vaxtında öz müsbət həllini tapırdı. "Su – hidrotexniki qurğulara təsir baxımından, sutkanın 86400 saniyəsində də, işləyir" məntiqini qəbul edən layihəçilər hamılıqla çox böyük fədakarlıqla çalışmışlar. Elan olunmuş xalq tikintisində topoqrafiya və geodeziya qrupunun işçiləri xüsusilə fərqlənmişlər. Tikintisi başa çatmış Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə qəbul edildi.[1] Samur-Abşeron kanalı Qafqaz bölgəsində ən iri suvarma sistemlərindən biri oldu. 1960-cı illərə kimi "Stalin adına Kanal" adlanırdı[2]

Samur-Abşeron kanalı keçən ərazinin sxematik planı

Həyat mənbəyi olan su, Xaçmaz, Xudat, DəvəçiSiyəzən rayonlarının ərazisinə axdı. Kanalın tikintisində xüsusi əməyi olan çoxsaylı inşaatçılarla yanaşı, layihə idarəsinin əməkdaşları da dövlətin yüksək orden və medalları ilə təltif olunmuşlar. Samur-Abşeron kanalının ikinci növbəsi, Ataçay-Abşeronun tikintisi 1946-cı ildə başa çatdırılmalı idi. 1941-ci ildə müharibənin başlanması kanalın tikintisində işlərin dayandırılmasına səbəb olmuşdur.[1] 1940-cı ildə istismara verilmiş birinci növbəsinin uzunluğu 108,7 km, sərfi saniyədə 24÷16 kub m, su ilə təmin edilən əkin sahəsi 70 min hektar olmuşdur. Kanal torpaq məcrada inşa edilmişdir. Dəvəçidən-Abşerona qədər uzunluğu 86,3 km olan ikinci növbəsi 1955-ci ildə istismara verilmişdir. Mənbəyini Samurçaydan götürən Samur-Abşeron kanalın sonunda Ceyranbatan su anbarı yaradılmışdır.[3] Bu da BakıSumqayıt şəhərlərinin əhalisini içməli su ilə təmin etməkdə mühüm rol oynayır.[4]

Taxta Körpü-Ceyranbatan kanalı istifadəyə verildikdən sonra Samur-Abşeron kanalından Ceyranbatan su anbarını doldurmaq üçün istifadə edilmir.[5]

Ətraf mühitə təsiri

[redaktə | mənbəni redaktə et]

Samur-Abşeron kanalının beton örtüyə alınmaması və suvarma mədəniyyətinin aşağı səviyyədə olması nəticəsində suyun 40%-ə qədəri filtrasiyaya sərf olunur. Abşeron yarımadasının relyefi, qumlu torpaqları və hidrogeoloji şəraiti qrunt sularının səviyyəsinin sürətlə qalxması üçün əlverişli olduğundan burada qısa müddət ərzində təbii və süni çökəklikləri su basmış, mövcud göllərin sahəsi xeyli artmış, onların bəziləri bir-birinə birləşmiş və bir çox yerlərdə torpaqlar bataqlıqlaşmış və şoranlaşmışdır. İndi çökək ərazilərdə yerləşən yaşayış məntəqələrinin bəzisi gölməçə və bataqlıqların əhatəsində qalır, evlərin zirzəmilərini su basır. Samur-Abşeron su kanalı torpaq məcrada inşa edildiyindən onun keçdiyi ərazilər boyu suyun ətrafa sızması, bataqlıqların yaranması və qrunt sularının kanala qarışması baş verir.[5]

Vəziyyət belə davam edərsə, 2020-ci illərdə Abşeron torpaqlarının çox hissəsi bataqlıqlaşma və şoranlaşma nəticəsində sıradan çıxa bilər, son dərəcə gərginləşən ekoloji şəraitdə əhalinin başqa yerlərə köçürülməsi təhlükəsi yaranar. Bunun qarşısını almaq üçün təcili olaraq aşağıdakı tədbirlərin həyata keçirilməsi son dərəcə vacib hesab edilməlidir:

  • suvarma şəbəkəsinin tam rekonstruksiya etmək və daha mütərəqqi suvarma metodlarına keçmək;
  • qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə drenaj şəbəkəsi yaratmaq, köhnə su quyularından istifadə etmək və yenilərini qazmaq;
  • ciddi çirklənməyə məruz qalan və yeni yaranmış gölləri qurutmaq;
  • neft buruqları, sənaye və kommunal müəssisələrindən göllərə və çökəkliklərə axıdılan çirkab sularını təmizləmək və təkrar istifadə etmək[6].
  1. 1 2 Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010, s. Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine 47–48
  2. "Samur-Abşeron Kanalı". 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-19.
  3. "Suvarma sistemləri". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-19.
  4. "Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi". 2013-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-19.
  5. 1 2 Sumqayıt və Novxanı tərəflərdə bu çirkab hara axıb gedir[ölü keçid]
  6. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]