sif. [
fars. ]
1. İşlətmək üçün tam yararlı, hazır halda olan; sınığı, zədəsi, nöqsanı olmayan; yaxşı təmir olunmuş. Saz maşın. Saz alət. Saz saat.
– [Xortdan:] Bala, faytonun sazdımı? Ə.Haqverdiyev.
Alınca xəbəri qaçmışdı birbaş; Çiynində saz tüfəng, beldə patrondaş. H.K.Sanılı.
□ Saz eləmək (etmək) – düzəltmək, qaydaya salmaq, uyğunlaşdırmaq.
Sən də, gözüm, Allaha baxıb zülmü az eylə; Peyvəstə könül yıxsan əgər, bir də saz eylə. M.P.Vaqif.
Mən demənəm dərdüqəmim az eylə; Daim meylin meylim ilə saz eylə. Q.Zakir.
Saz olmaq – uyğun olmaq, bərabər olmaq, tay olmaq. Zaman sənə saz olmasa, sən zamana saz ol. (
Ata. sözü ).
Yara yar saz olmasa; Pünhanda tər-tər ağlar. (Bayatı).
2. Möhkəm, qıvraq, sağlam, dözümlü. Bədəncə saz. Canı-başı saz.
– [Muxtar] Feyzini səsləyib iki saz at yəhərləməsini tapşırdı. B.Bayramov.
// Yaxşı, yerində.
Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. S.Rüstəm.
// Sazdır şəklində – yaxşıdır, düzgündür, qaydasındadır, yerindədir mənalarında.
Demək ki, keyfiniz sazdır. M.S.Ordubadi.
[Süleyman:] Şükür Allaha, hər şey öz yerində sazdır. Ü.Hacıbəyov.
[Aslan starşinaya:] Hər şey öz qaydasındadır, maşın sazdır. S.Vəliyev.