Azərbaycan təhsil sistemi
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.
Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.
Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı.
Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.