Azərbaycan Respublikası Dövlət Suverenliyi Günü
Dövlət Suverenliyi Günü — Antiterror əməliyyatından sonra Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gün.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən qeyd edilir.
== Tarixi məzmun ==
Birinci Qarabağ müharibəsində Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlər viran edilib, bir neçə qətliam və Xocalı soyqırımı törədilib.
2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 2020-ci noyabrın 10-da ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatıb. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.
Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürüb. Lakin Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.