Suraxanı tanker-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.
Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.
2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.
Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil.