Virus proqramları
Virus proqramları və ya kompüter virusları — texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edir, verilənlərin silinməsinə, zədələnməsinə, dəyişdirilməsinə gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində gizlənir və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).
Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktubları və resursları maksimum dərəcədə az istifadə etməniz məsləhətdir.
Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istista bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır).
== Tarixi ==
Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. "Kompüter virusu" termini 1984-cü ildə ABŞ-də keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.
== Virus proqramlarının təsnifatı ==
Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
əməliyyat sisteminə görə: MS-DOS, linux, Mac OS, Windows 7/8/10/11
destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.