Zöhrə Vəfayi
Zöhrə Vəfayi — (1953, Təbriz, İran - 2004, Təbriz, İran) Əslən Azərbaycanın Güneyindən olan yazar, şair, jurnalist, ictimai xadim.
== Həyatı ==
Təbriz xalq məşəti, xalq sənətinin tədqiqatçılarından olan Zöhrə Vəfayi 1955-ci ildə Təbriz şəhərinin Əmirbağı məhəlləsində doğulmuşdur. Zöhrə Vəfayinin atası Gəncədə anadan olmuş, 7 yaşında olarkən sosialist inqilabı ərəfəsində ailəsi ilə birlikdə Təbrizə köçmək məcburiyyətində qalmışdılar. Özünün verdiyi məlumata görə, onun babası vaxtilə Gəncədə parça, kəlağayi fabriki işlətmiş, məlum hadisələrdən sonra fabriki bağlayıb Təbrizə qayıdaraq burada çalışmışdır. Parça, fərş işinə yenidən Təbrizdə başlayan ailə güzəranlarını bununla yaxşılaşdırmağa çalışmışdır. Zöhrə Vəfayi 6 yaşında olarkən Əmirbağda ilk mədrəsə təhsilini almış, daha sonra iki ayrı-ayrı mədrəsələrdə 3 il ardıcıl olaraq təhsilini davam etdirmişdir. Hələ kiçik yaşlarından ədəbiyyat, xüsusilə folklora böyük maraq göstərmiş, sərbəst yazılar, məqalələr yazmaqla ilk ədəbi axtarışlara qoşulmuşdur. Özünün qeyd etdiyinə görə, bəzən varlı uşaqlarına inşalar hazırlamış, hətta gənc qızlara aşiqanə məktublar yazmaqda da köməklik göstərmişdir. Zöhrə Vəfayi hələ mədrəsədə təhsil aldığı illərdə divar qəzetlərinə yazdığı məqalələri ilə yaşıdlarından seçilmişdir. O, 1975-ci ildə Tehran Universitetinə daxil olmuş, yeni mühit, yeni dostlar onun həyatında mühüm rol oynamışdır.