Azərbaycan Dövlət Dəniz Akademiyası

Vikipediya, azad ensiklopediya
Xayala Mammadli (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:28, 13 yanvar 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Dövlət Dəniz Akademiyası
Xəritə
40°22′13″ şm. e. 49°50′36″ ş. u.
Şüar Dənizləri bizimlə fəth edin!
Əsası qoyulub 1996
Tip Dövlət ali təhsil müəssisəsi, akademiya
Rektor Heydər Əsədov
Şəhər Bakı
Ölkə
Ünvan AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 18
Sayt adda.edu.az

Azərbaycan Dövlət Dəniz Akademiyası — Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. [1]

Yarandığı ilk gündən Akademiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul edildiyi Beynəlxalq Dəniz Təşkilatının "Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında" Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanıb və müvafiq qaydada təsdiq edilərək BDT tərəfindən qəbul olunub. Akademiya 012 nömrəsi altında dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilib.

Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki A.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-metodiki şurasinin üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və müxtəlif ölkələrin 19 ali dənizçilik məktəbi ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssisəsidir.[2]

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir.

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.[1]

Haqqında

Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.[2]

2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-ın “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-ın uyğunluq sertifikatını əldə edib.[2]

Tarixi

Çar Rusiyasi və AXC dövrü

Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmışdır.

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi.

1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.

1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üç illik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

SSRİ dövrü

1 oktyabr 1921-ci ildə isə Bakı Su Nəqliyyatı Texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.

1925-ci ildə ilk dəfə olaraq, texnikumun tərkibində Azərbaycan bölməsi açıldı.

Müstəqillik dövrü

1995-ci ilin may ayında Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhsilini qurmuşdur.

Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsil məktəbləri kataloquna 012 sayla daxil edilmişdir.

Adının tarixi

  • Bakı Su Nəqliyyatı Texnikumu (1921–1924)
  • Bakı Su Yolları Texnikumu (1924–1930)
  • Bakı Dənizçilik Texnikumu (1930–1944)
  • Bakı Dəniz Yolları Məktəbi (1944–1996)
  • Azərbaycan Dövlət Dəniz Akademiyası (1996-..)

Strukturu

Maddi-texniki Bazası

Akademiyada 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Tələbələr tədrislə yanaşı, həm də kafedraların elmi-tədqiqat laboratoriyalarının araşdırmalarında iştirak edirlər.

Professor-müəllim və tələbə heyətinin effektiv fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Onların tələbatını ödəyən kompüter mərkəzi, poliklinika, yeməkxana, şəhərin mərkəzində rahat, təmirli yataqxana vardır. Akademiyanın Azərbaycan, rus və ingilis dillərində 80.000-nə yaxın dənizçilik ixtisasları üzrə dərslik və dərs vəsaitləri, elmi, bədii ədəbiyyat toplanmış zəngin elmi-texniki kitabxanası fəaliyyət göstərir.

Təhsil sistemi

Bakalavr pilləsində təhsil müddəti 4 il (xarici vətəndaşlar ödənişli əsaslarla əlavə olaraq dil kurslarında da oxumalıdırlar (ingilis dilində tədris istisna olunmaqla)), magistr pilləsində isə 2 ildir.

  • ADDA tələbələri ödənişsiz əsaslarla ildə 2 dəfə (yay və qış geyimləri) forma ilə təmin edilir.
  • Tələbələr Akademiyanın yataqxanasından güzəştli şərtlərlə ödəniş etməklə istifadə edə bilərlər.
  • Tələbələr yelkənli qayıq və üzgüçülük üzrə xüsusi hazırlıq keçəcəklər.
  • Tələbələr Makarov Adına Sankt-Peterburq Dövlət Dəniz və Çay Donanması Universitenin elektron kitabxanasından istifadə hüququna malikdirlər.
  • Həftənin 5 tədris günü (Bazar ertəsi – Cümə) tələbələr gündə 2 dəfə ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar.
  • Təhsil müddətində tələbələr 12 ay Beynəlxalq sularda üzən gəmilərdə, yeni gəmiqayırma zavodunda və limanda təcrübə kecəcəklər.
  • 1-ci kursdan sonra tələbələrə matros, motorçu və gəmi elektriki işçi diplomları və müvafiq Beynəlxalq standartlara uyğun sertifikatlar veriləcək.
  • Akademiyanın diplomu 170-dən çox dövlət tərəfindən tanınır.
  • Məzunlar vakant iş yeri olduğu halda müsabiqə ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) gəmilərində və müəssisələrində yüksək əmək haqqı və zəmanətli işlə təmin olunacaqlar.

Fotoqalereya

Əməkdaşlıq etdiyi universitetlər

Akademiya aşağıda qeyd olunan universitetlərlə əməkdaşlıq edir:

  • Admiral O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti (Sankt-Peterburq, Rusiya)
  • Şetsin Dəniz Akademiyası (Polşa)
  • Latviya Dəniz Akademiyası (Latviya)
  • Estoniya Dəniz Akademiyası TTU (Estoniya)
  • Monteneqro Dövlət Universiteti (Çernoqoriya)
  • Varna Texniki Universiteti (Bolqarıstan)
  • Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti (Ukrayna)
  • Həştərxan Dövlət Texniki Universiteti (Rusiya)
  • Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan)
  • Odessa Milli Dəniz Universiteti (Ukrayna)
  • Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti (Rusiya)
  • Getman Petr Konaşeviç-Saqaydaçnıy adına Kiyev Dövlət su nəqliyyatı Akademiyası (Ukrayna)
  • Nevelskiy adına Dövlət Dəniz Universiteti (Vladivostok, Rusiya)
  • İstanbul Texniki Universiteti (Türkiyə)
  • Batumi Naviqasiya Tədris Universiteti (Gürcüstan)
  • Batumi Dəniz Akademiyası (Gürcüstan)[1]
  • Klaypeda Universiteti (Litva)

İstinadlar

  1. 1 2 3 "ADDA-nın rəsmi veb saytı". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-02.
  2. 1 2 3 "Azərbaycan Dövlət Dəniz Akademiyası" (az.). https://www.asco.az. 12.01.2023 tarixində arxivləşdirilib.

Həmçinin bax

Xarici keçidlər