İsa-Musa quşu və ya İsaq-Musaq quşu— meşə bayquşcuğu ilə bağlı azərbaycanlılarda yayılmış mif. Mifin anadil quşları və Yapalaq quşu üçün versiyaları da vardır.[1]
İsa-Musa quşu | |
---|---|
| |
Növü |
İnsan Dönərgə (quş) |
Sehrli gücləri | şəklini dəyişmə (dönərgəlik) |
Peşələri | çoban |
Məqsədləri | heyvanlarının və ya peyğəmbərlərin tapılması |
Mətnlər |
"İsa Musa quşu" mifi (ilkin mənbə) Əli Vəliyevin “İsa-Musa quşu” hekayəsi (adaptasiya) |
İsa və Musa adında iki qardaş çöldə öküzlərini (və ya inəklərini[2]) otararkən yuxuya gedirlər və oyananda heyvanlarını tapa bilmirlər. Əzazil ağalarının (və ya ögey analarının[2]) qorxusundan Allaha yalvarıb quşa çevrilmələrini istəyirlər. Arzuları yerinə yetir və quş şəklinə keçərək öküzləri axtarmağa başlayırlar. O zamandan bəri qardaşlar çöllərdə öküzləri axtarır və bir-birlərinə deyirlər: "– İsa, tapdın? – Musa, yox.– Musa, tapdın? – İsa, yox."[3]
Əli Vəliyev bu mifin əsasında yazdığı "İsa-Musa quşu" hekayəsini belə bitirir:
”Həmin vaxtdan Azərbaycan kəndlərinin hər yerində İsa-Musa quşları peyda oldu. Gün batandan gün doğana qədər, axşamdan səhərə kimi quşa dönmüş qardaşların sorğu-sualı davam edir, eşidənləri kədərləndirirdi. – İsa, tapdın? – Musa, yox...” |
Digər bir rəvayətə görə quşlar İsa və Musa peyğəmbəri axtarırlar. Hava qaralandan səhər açılana kimi onlar İsa və Musa deyib çağırırlar.[1] Süleyman Rəhimov "Şamo" romanında qeyd edir ki, xalq arasında quşların bir-birini axtardığı düşünülür.[2]
Mehdixan Vəkilovun "Mənim qardaşım" adlı xatirə-povestində danışılan hekayəyə görə İsa və Musa adlı anadil quşları anadan yetim qalan iki qardaşdır. Tale onları ayrı salmışdır və gecə onlar bir-birlərini axtarırlar.[2]
İsmayıl Şıxlının "Dəli Kür" romanında isə anadillər peyğəmbərin danasını otaran iki qardaş kimi təsvir edilir. Dananı axtararkən qorxularından quşa çevrilirlər.[2]
Ögey analarının öküzünü itirən qardaşların Yapalaq quşuna çevrilməsi ilə bağlı mif "Xalq ədəbiyyatı" kitabında verilmişdir.[2]
Azərbaycan əfsanə və nağıllarında quş donundan insan donuna girmə, pərilərin göyərçinə çevrilməsi halları vardır. İsa-Musa mifində isə müəyyən bir həddi aşmaq üçün don dəyişdirilir və ya çevrilmə hadisəsi baş verir. S.Neklyudov bu cür çevrilməni ruhun müxtəlif varlıqlar üzərində əks olunması kimi izah edir.[4]
Azərbaycan dilində "İsa-Musa quşu" ifadəsi həm məcazi, həm də həqiqi mənası ilə işlədilir. Bu ifadə məcazi mənada bir-birini axtaran insanlar üçün istifadə edilir.[2]
"İsa-Musa quşu" mifi əsasında Əli Vəliyev eyniadlı hekayəni yazmışdır. Mif həmçinin İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsərində xatırlanır.[2]