Əbdülhəmid bəy Qaytabaşı, Həmid Qaytabaşı və ya Abdul Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Çar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru və qərargah rəisi.
Əbdülhəmid bəy Qaytabaşı | |
---|---|
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1884 və ya 8 fevral 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | zabit |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti |
Qoşun növü | piyada |
Döyüşlər |
Göyçay döyüşü Kürdəmir döyüşü Bakı döyüşü Əsgəran döyüşü, |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
Birinci Dünya müharibəsində iştirak edib. Döyüşlərdə göstərdiyi rəşadətə görə III dərəcəli Müqəddəs Anna, IV dərəcəli Müqəddəs Vladimir, IV dərəcəli Müqəddəs Anna Ordenləri ilə təltif olunub. 1918-ci avqustun 20-də Qafqaz İslam Ordusu qərargahına təyinat alıb. Azərbaycanın bolşevik-daşnak işğalından azad olunması uğrunda bir neçə döyüşdə iştirak edib.
Sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanına dəstək verməkdə ittiham olunaraq güllələnib.
Əbdülhəmid bəy Qaytabaşı 1884-cü il iyulun 10-da Tiflisdə anadan olub.[1] 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirib. Təhsilini bitirdikdən sonra 1909-cu ildə Gəncədə yerləşən III Qafqaz Hərbi Korpusunun, 52-ci piyada diviziyasının, 261-ci Şamaxı piyada alayına podporuçik rütbəsi ilə təyinat alıb.[2] Birinci Dünya müharibəsində III Qafqaz Korpusunun 52-ci piyada diviziyasının 205-ci Şamaxı piyada alayının komandiri kimi iştirak edib.[3] 1914-cü il oktyabrın 5-də Dembnyak kəndi ətrafında baş vermiş döyüşdə yaralanıb.[4]Döyüşlərdə göstərdiyi rəşadətə görə 1914-cü il may ayının 16-da III dərəcəli Müqəddəs Anna Ordeni ilə, 1915-ci il fevralın 26-da IV dərəcəli Müqəddəs Vladimir Ordeni ilə,[5] 1915-ci il fevralın 27-də isə ştabskapitan Qaytabaşı üzərində "İgidliyə görə" yazısı ilə IV dərəcəli Müqəddəs Anna Ordeni ilə təltif olunub.[6][7][5]
1918-ci il martın 6-da Müsəlman Korpusunun qərargah rəisi təyin edilib.[8] 1918-ci il martın 18-də Zaqafqaziya Komissarlığı hökumətinin 246 saylı qərarı ilə Əbdülhəmid bəy Qaytabaşıya polkovnik rütbəsi verilib.[9][10]
1918-ci avqustun 20-də Qafqaz İslam Ordusu qərargahına təyinat alıb.[11][12] 1918-ci il noyabrın 15-də Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə ordunun Ümumi qərargahında növbətçi general vəzifəsinə təyin olunub.[13][14][15] Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər şurasının 1919-cu il iyunun 25-də verdiyi qərarla general-mayor rütbəsinə layiq görülüb.[16] 1919-cu il dekabrın 10-da general-mayor Həbib bəy Səlimov Bakı istehkamçılar hissəsinin rəisi təyin edildikdən sonra, Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti icrası Qaytabaşıya həvalə olunub. O, bu vəzifəni Azərbaycan ordusunun qərargahı yaradılana qədər icra edib.[17][18]
1920-ci il fevralın 17-də general-leytenant Sulkeviç Azərbaycan ordusundan tərxis edildikdən sonra Azərbaycan Ordusu qərargahının yenidən qurulması üçün yaradılmış komissiyanın üzvü təyin olunub.[8][19] Hərbi nazirin 1920-ci il martın 2-i tarixli 128 №-li əmri ilə Baş Qərargah idarəsi ilə Ümumi Qərargah birləşdirilib və Əbdülhəmid bəy Qaytabaşı Ordu Qərargahının Növbətçi Generalı vəzifəsinə təsdiq olunub.[20] Azərbaycan Cümhuriyyətin süqutuna kimi "general-mayor" hərbi rütbəsində[21] Ordu Qərargahının Növbətçi Generalı vəzifəsində həqiqi hərbi xidmətdə olub.[8]
1920-ci ildə Aprel işğalından sonra da 1 ay müddətində Azərbaycan ordusunun qərargah rəisi vəzifəsini icra edib.[22][23] 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək həbs olunub. Nargin adasına aparılaraq orada güllələnib.[17][24] Qəbri yoxdur.[25]
Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçüb. Tiflisə gəldikdən sonra Çar Rusiyası ordusunda xidmətə başlayıb. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı olub. Bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Əbdülməcid bəy də özünə "Haytabaşı" soyadını götürüb. Tiflisə köçdükdən sonra isə "Haytabaşı" soyadı rus dilinə tərcümə olunduqda "Qaytabaşı" formasına düşüb.[26]
Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olub.[27] 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışdığı göstərilib. Xidməti boyunca podpolkovnik Şərif bəy dördüncü dərəcəli "Müqəddəs Vladimir", ikinci dərəcəli "Müqəddəs Anna", ikinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav" kavaler ordenləri və bir neçə medalla təltif olunub.[27] Şərif bəy Qaytabaşı ilk həyat yodaşı vəfat etdiyinə görə iki dəfə ailə qurub. İkinci evliliyində o, Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağa oğlunun qızı Xədicə xanımla ailə qurub. Bu nikahdan yeddinci övladları Əbdülhəmid Qaytabaşı dünyaya gəlib.[27]
Əbdülhəmid bəy Qaytabaşı Sara xanım Məşədi Mahmud qızı ilə ailə həyatı qurub və bu evlilikdən Lətif və Xədicə adlı övladları olub.[8]
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Əbdülhəmid bəy Qaytabaşını Azərbaycanın istiqlal şəhidi adlandırıb.[28]
Rusiya imperiyası ordusunda general-leytenantı, Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini Əliağa Şıxlinski qələmə aldığı xatirələrində Əbülhəmid Qaytabaşı haqqında da yazıb.[29]