Abbasqulu bəy Şadlinski

Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 26 fevral 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri.

Abbasqulu bəy Şadlinski
Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Böyük Vedi, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Böyük Vedi, Ermənistan SSR
Vəfat səbəbi qətl
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Hərbi fəaliyyəti
Xidmət illəri 1920-1922

Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.[1].[2][3]

İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir.

1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir.

"Qırmızı tabor"

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.

1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlmişdi; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir.

1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nin "Qırmız bayraq" ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayınada Şadlinskinin döyüşçüləri DərələyəzZəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər.

ErmənistandaZəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Vediyə qayıdış

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunmuşdur.

Abbasqulu bəy Şadlinskinin İsgəndər, Mafərə, İsfəndiyar, Məmməd və Tacirə adlı övladları olmuşdur.

Düşmənləri tərəfindən 1930-cu ilin fevral ayının 26-da öldürülmüşdür.

  • Azərbaycan Sovet Sosialist Respublikası "Qızıl Ulduz" medalı
  • Ermənistan Sovet Sosialist Respublikası "Qırmız bayraq" ordeni

Fərman Kərimzadənin "Qarlı aşırım" romanı və onun süjeti əsasında "Azərbaycanfilm" kinostudiyasında rejissor Kamil Rüstəmbəyov tərəfindən çəkilən "Axırıncı aşırım" bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.[4]

Bakı, Abşeron, Naxçıvan, Yevlax, Xaçmaz, Göygöl şəhərlərində Abbasqulu bəy Şadlinskinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə küçə və prospektlər xalq qəhrəmanının adı ilə adlandırılmışdır.

  1. Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.
  2. "Arxivlənmiş surət" (PDF). Archived from the original on 2013-10-29. İstifadə tarixi: 2021-11-27.
  3. Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
  4. "Aydın Dadaşov. "Bizim kino". Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında". 2017-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.