Firudin bəy Daryal və ya Fərman bəy Alıyev (1900, Təzəkənd, Laçın rayonu – 1985, Türkiyə və ya İstanbul) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.
Firudin bəy Daryal | |
---|---|
Fərman bəy Alıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1985 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Dəfn tarixi | 1985 |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Xalq Cümhuriyyəti, Türkiyə |
Qoşun növü |
Azərbaycan Cümhuriyyəti Quru Qoşunları Türkiyə Quru Qoşunları |
Xidmət illəri | 1918-1965 |
Rütbəsi | Albay |
Döyüşlər | |
Təltifləri |
Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib.
Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 45 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.
Fərman bəy Alıyev 1900-cü ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Kazanda hərbi məktəbdə təhsil alıb[1].
1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra[2] 1918-ci il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb[3]. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və I Azərbaycan diviziyası daxil idi[4]. Fərman bəy bu döyüşlərə süvari alayının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabr ayının 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, 8 oktyabr 1918-ci ildə Şuşa şəhəri bütünlüklə erməni–daşnak qüvvələrindən təmizlənmişdir[5].
1918-ci il noyabrın 18-də "podpraporşik" hərbi rütbəsində Gəncə Podpraporşiklər Məktəbini bitirib və I piyada diviziyasının III Gəncə piyada alayı komandirinin sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün göndərilib[6]. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Fərman bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. Hərbi nazirin 31 mart 1919-cu il tarixli 169 №-li əmri ilə növbəti "praporşik (piyada üzrə)" hərbi rütbəsi verilib. 18 noyabr 1919-cu il tarixdə Hərbi nazirin 535 №-li əmri ilə 08 noyabr 1919-cu il tarixdən Qarabağ general-qubernatorunun sərancamına həqiqi hərbi xidmətini davam etdirmək üçün ezam edilib. Nümunəvi hərbi xidmətlərinə görə Nazirlər Şurası Sədrinin 21 mart 1920-ci il tarixli və Hərbi nazirin 24 mart 1920-ci il tarixli 167 №-li əmri ilə "podporuçik (piyada üzrə)" hərbi rütbəsinə layiq görülüb[7]. Cümhuriyyət ordusunun gənc zabiti Fərman bəy Alıyev Sultan bəy Sultanovun başçılıq eydiyi yerli özünümüdafiə dəstələri ilə birgə Zabux dərəsi adlı ərazidə erməni generalı Andranik Ozanyanın ordusunun məhv edilməsi əməliyyatında iştirak edib[8].
1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar[9]. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Fərman bəy Alıyev də, süvari alayın tərkibində bu döyüşlərdə iştirak edib[10]. Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir[11].
Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar[12].
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[13]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar[14] Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur. Fərman bəy Alıyev 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[15].
1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında XV süvari alayın komandiri kimi iştirak edib. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb[16]. Bu döyüşlərdə yaralanaraq qazi olub[16].
Sağaldıqdan sonra 1922-ci il avqustun 26-dan Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edib. 1922-ci il sentyabrın 9-da öz bölüyü ilə İzmirə girən ilk süvarilərdən olub[17]. Qurtuluş Savaşından sonra orduda qalaraq hərbi xidmətini davam etdirib[18]. 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib[16].
1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı və 1937-ci ildə Dersim üsyanlarının yatırılmasında iştirak edib[16].
Mühacirət dövründə sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün adını dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin adını seçib[1]. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra[19] özünə "Daryal" soyadını götürüb[1].
1936-cı ildə "Qafqaz almanaxı", 1953-cü ildə isə "Qaf dağı" adlı əsərlərini yazıb[20].
Xidməti dövründə bölük, tabor, alay komandiri, İzmir və İstanbul şəhərlərində isə hərbi komendant vəzifələrini icra edib. 1950-ci illərdə Kağızmanda Tuqay komandiri olub. 1965-ci ildə təqaüdə çıxıb və İstanbul şəhərində yaşayıb[21]. Azərbaycandan və Şimali Qafqazdan olan mühacirlərlə və xüsusilə də Xosrov bəy Sultanovla yaxın əlaqələri olub[22].
1985-ci ildə dünyasını dəyişib. Cənazəsi xüsusi hərbi mərasimlə, Qaracaəhməd məzarlığında dəfn edilib[23]. Ölməmişdən əvvəl baş daşına İstiqlal savaşı qazisi, süvari albay olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və "Arxadaş: Başın taclı, altın taxtlı dəxi olsa millətin və vətənin olmadan bədbəxtsən!" sözlərinin yazılmasını vəsiyyət edib[24].
Firudin bəy Daryal ilk dəfə İstanbulda hərbi təhsil alarkən ailə həyatı qurub. Bu nikahdan bir oğlu və bir qızı olub. Oğlu Prof. Dr Əli Murad Daryal Türkiyədə yaşayan ilahiyyatçı alimdir. Firudin bəy Daryal ikinci dəfə 1952-ci ildə ailə qurub. Bu nikahdan övladı olmayıb[25].