Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İnternet |
---|
İnternetin bir hissəsindəki rutinq yollarının Opte Layihəsi zamanı vizuallaşdırılması |
İnternet portalı |
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır.
Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylaşılmasında da rol oynayır. Bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz hobbi və fikirlərini çox vaxt bloqlar vasitəsiylə həyata keçiriblər. Və daha sonradan isə bloq sistemi yayılaraq hər bir insana öz sözünü deməyə şərait yaratdı. Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir.
Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və məlumat, materiallara rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.
1990-cı illərin sonlarında bloqların yaranması və böyüməsi HTML və ya kompüter proqramlaşdırması kimi texnologiyaların meydana çıxması ilə üst-üstə düşdü. Əvvəllər məzmunu İnternetdə dərc etmək üçün HTML və Fayl Transfer Protokolu kimi texnologiyalar haqqında bilik tələb olunurdu və buna görə də erkən Veb istifadəçiləri hakerlər və kompüter həvəskarları olurdular.
"Advertising Age" jurnalının verdiyi məlumata görə, 2000-ci illərin axırı və 2010-cu illərin əvvəllərində ABŞ-də internet bloqlarının aktiv oxucu sayı Amerikanın bütün əhalisinin ¼-ni təşkil edərək 35 milyonu ötüb. Bloqlarda olan məlumatların oxunmasına onların hər biri həftədə 3.5 saat vaxt sərf edib ki, bu da ümumi iş vaxtının təxminən 9%-ni təşkil edib.
Çində xüsusi qanun ilə “anonim” bloqların yaradılması qadağan olunub. Bu qanuna görə, bloq sahibləri özlərinə ləqəb seçə bilərlər, ancaq bağlı olduqları serverlərin müdiriyyətinə əsl adlarını bildirməlidirlər.[1]
Bir çox bloqlar fəlsəfə, din və incəsənətdən tutmuş elm, siyasət və idmana qədər müəyyən mövzu və ya mövzuya dair yazılar təqdim edir. Digərləri daha çox şəxsi onlayn gündəliklər və ya müəyyən bir fərdin və ya şirkətin onlayn brend reklamı kimi fəaliyyət göstərir. Tipik bir bloq mətni, rəqəmsal şəkilləri və mövzu ilə əlaqəli digər bloqlara, veb səhifələrə və digər mediaya keçidləri birləşdirir. Əksər bloqlar ilk növbədə mətnlidir, bəziləri incəsənətə (sənət bloqları), fotoşəkillərə (fotobloqlar), videolara (video bloqlar və ya "vloqlar"), musiqiyə (MP3 bloqlar) və audioya (podkastlar) diqqət yetirir. Mikrobloq, çox qısa yazıları özündə əks etdirən başqa bir bloq növüdür.
Termin kimi blog (weblog) ilk dəfə 1997-ci ilin 17 dekabrında "Robot Visdom" (Robot Wisdom) adlı internet-gündəlikdə müəllif Corn Berger (Jorn Barger) tərəfindən işlədilmişdir. Müəllif "İnternet-gündəlik" sözünə analoji olaraq "logging the web" sözünün qısaltması olan "weblog" ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə gündəlik yaratmaq" mənasını ifadə edir. Termin 1999-cu ilin aprelində "Peterme" bloqunun yaradıcısı Piter Merholz (Peter Merholz) tərəfindən təhrif olundu və "we blog" – "biz bloq yaradırıq" kimi ifadə edildi. Bunun da nəticəsində "to blog" "bloq yaratmaq" ifadəsi yarandı və bugünkü bütün növ internet-gündəlikləri nəzərdə tutan ad – "blog" ifadəsi yarandı.
Bloq ideyasının yaranma tarixi və yaradıcısı haqqında dəqiq faktlar mövcud deyil. Bu ideyanın ilk müəllifi kimi üç şəxsin Tim Berners-Linin (Tim Berners-Lee), Castin Hollun (Justin Hall) və Deyv Vaynerin (Dave Winer) adları çəkilir. Bunların hər biri bu və ya digər şəkildə bloqların təşəkkül tapmasında mühüm rol oynamış şəxslər sayılır.[2].
2002-ci ilin noyabr ayında tanınmış sahibkar Devid Sifri tərəfindən bloqlar üçün ilk axtarış sistemi – Technorati yaradıldı.
Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-də baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər[3].
ABŞ-də və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir. Rusiyada ilk dəfə "Livejournal.com" bloq saytının www.ottenki-serogo.livejournal.com [1] səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunmuşdur. Verilən lisenziyaya əsasən, bloqçu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər [4].
Bloqların KİV kimi qəbul olunması bir çox ölkələrdə KİV-ə olan təzyiqlərin bloqlara da olmasına səbəb olur. Bu məsələ Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində (20-22 sentyabr, Budapeşt, Macarıstan) "Hökumət və bloqçular arasında siçan-pişik oyunu" başlığı altında geniş müzakirə olunub.[5]
2000-ci ilin noyabr ayı müstəqil jurnalist Joş Marşalın Florida ştatında ABŞ prezidentliyinə keçirilmiş seçkilərin mübahisəli nəticələrinə qarşı "Florida böhranı" adı altında müzakirələrə həsr olunmuş "Talkning Points Memo" (Danışıqların qeydi) adlı bloq istifadəyə verməsi bloqların siyasiləşməsinin başlanğıcı hesab olunur.[6]
Hazırda Azərbaycanda minlərlə bloqlar aktiv olaraq yazılır və mütəmadi olaraq yenilənir. Azərbaycanda bloqların yazılması BarKamp tədbirlərindən sonra daha da sürətlənmişdir. Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların hesabatlarında bloqçuluq və media ilə bağlı problemlərin qalması faktlarına ara-sıra rast gəlmək olur. Belə ki, Google və Mərkəzi Avropa Universitetinin birgə təşkil etdiyi "Azadlıqda İnternet 2010" adlı tədbirdə (20-22 sentyabr, 2010, Budapeşt, Macarıstan) ATƏT-dən olan nümayəndə Dunja Mijatovic Azərbaycanda bloqçuluq və medianın sıxılması barədə fikir bildirmişdi.[5]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |