Bozalqanlı — Azərbaycan RespublikasınınTovuz rayonunun Bozalqanlı kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Bozalqanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Bozalqanlı kəndinin ərazisindən 36,73 ha (bundan dövlət mülkiyyətində olan 4,18 ha, bələdiyyə mülkiyyətində olan 19,85 ha və xüsusi mülkiyyətdə olan 12,70 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.[4]
Toponim Azərbaycan xalqının etnogenezində iştirak etmiş qədim türkdilli bozal/bizal və qanqlı/kanqlı tayfalarının adı ilə əlaqədardır. Etnotoponimdir. Mənbələrdə bu oykonim Boz Bozalqanlı variantında da qeydə alınmışdır. Eyni zamanda, bozalğan yabanı bitki adıdır.[5]
Bozalqanlı Azərbaycanın qədim tarixə malik kəndlərindən biridir. XVII əsrə qədər Bozalqanlı kənd əhalisi Kür çayının sol sahilindəki Şavadın meşəsinin alt hissəsində məskunlaşmışlar. Sonralar Kür çayının sağ sahilindəki Çayqarışan deyilən ərazinin (Qışlaq) yaxınlığına, indiki Hunanlar kəndinin şimal-şərqinə köçmüşlər. İndiki Ceyrançöl ərazisində bozalqanlıların 40 ədəd qoyun yatağı olmuşdur.