Azərbaycan Milli Demokrat Partiyası, qısaca AMDP, AzMDEP, AzMDP və ya AMDEP (keçmiş adı ilə Azərbaycan Boz Qurd Partiyası[1]) — 1992-ci ildə İsgəndər Həmidov tərəfindən Bozqurd Partiyası adı altında qurulan, 1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan, 1995-ci ildə qeydiyyatı ləğv olunan, 1995-ci ildə qeyri-rəsmi, 1999-cu ildə rəsmi olaraq adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişən, 2008-ci il dekabrın 24-də yenidən rəsmi dövlət qeydiyyatına alınan və 14 aprel 2023-cü il tarixində fəaliyyətini dayandıran siyasi partiya.
Azərbaycan Milli Demokrat Partiyası | |
---|---|
Sədri | Tufan Kərim |
Qurucu | |
Quruluş tarixi | 26 dekabr 1993 |
Qeydiyyat tarixi | 24 dekabr 2008 |
Dağılma tarixi | 14 aprel 2023 |
Bölünmə | Azərbaycan Milliyətçi Demokrat Partiyası (2011–2023) |
İdeologiya | Azərbaycan milliyətçiliyi, türkçülük |
İdeoloji spektr | mərkəzçilik |
Üzvlüyü |
Demokratiya Uğrunda İttifaq (2005–2009) Demokratik Seçki Mərkəzi (2007–2008) |
Şüar | Bozqurdlar ölməz, vətən bölünməz! |
Mətbuat orqanı | "Milliyətçilik" qəzeti |
Saytı | bozqurd.com |
1992-ci ildə İsgəndər Həmidov rəhbərliyində Azərbaycan Xalq Cəbhəsi bazasında milliyətçi cəmiyyət yaradılmışdır. 25 dekabr 1993-cü il tarixində bu cəmiyyətin Azərbaycan Boz Qurd Partiyasına çevrilməsi haqda qərar verilmişdir. 26 dekabr 1993-cü il tarixində 7 təsisçinin iştirakı ilə[2] Azərbaycan Boz Qurd Partiyasının I (Təsis) Qurultayı keçirilmiş, professor Bəxtiyar Əhmədov partiyanın sədri, Qələndər Muxtarlı isə partiya sədrinin birinci müavini seçilmişdir. Partiya 1994-cü ilin mart ayında rəsmi dövlət qeydiyyatına alınmışdır.[3]
1995-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmaması səbəbi ilə ləğv edildi.
11 iyul 1995-ci ildə Azərbaycan Boz Qurd Partiyası adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişdirdi. 1999-cu ildə II Qurultay keçirilmiş və qurultayda partiyanın adı rəsmi olaraq Azərbaycan Milli Demokrat Partiyasına dəyişdirilmişdir.[4]
2005-ci ildə Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Azadlıq Partiyası ilə birgə Demokratiya Uğrunda İttifaqı təsis etmişdir. Partiya 2009-cu ildə bu qurumdan xaric edilmişdir.[5]
2008-ci ilin aprel ayında partiyanın sədri İsgəndər Həmidov gənclərin yolunu açmaq üçün sədrlikdən istefa vermişdir. Partiya növbədənkənar qurultay qərarı almış və Oqtay Xəlili rəhbərliyində Təşkilat Komitəsi yaratmışdır. 24 avqust 2008-ci il tarixində "Bakı" kinoteatrında partiyanın növbədənkənar IV Qurultayı keçirilmişdir. Qurultaydan öncə partiyanın Böyük Məclisinin sədri Tufan Kərim sədrliyə namizədliyini irəli sürmüşdür. "Milli Yol" qəzetinin təsisçisi Şahin Ağabəyli də sədrliyə namizəd olacağını söyləsə də namizədliyini irəli sürməmişdir.[6] Qurultayda Böyük Məclis sədri Tufan Kərim səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. İsgəndər Həmidov qurultaya dəvət edilsə də, qurultayda iştirak etməmişdir.[7]
2007-ci ilin dekabr ayında Azərbaycan Milli Demokrat Partiyası daxil 20 siyasi partiya "Demokratik Seçki Mərkəzi"ni təsis etmişdir.[8] Bu qurum 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak etməyi planlaşdırmışdır.[9] 5 sentyabr 2008-ci ildə alınan qərarla Demokratik Seçki Mərkəzinin fəaliyyəti prezident seçkilərinin sonunadak müvəqqəti dayandırılmışdır.[10] Seçkilərdən sonra isə mərkəzin fəaliyyətinin bərpasına ehtiyac olmadığı söylənmişdir.[11]
2008-ci ilin aprel ayında Azərbaycan Milli Demokrat Partiyası və Azadlıq Partiyası arasında birləşmə ilə bağlı razılıq əldə olunmuşdur. Azadlıq Partiyasının sədri Əhməd Oruc və Azərbaycan Milli Demokrat Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlili arasında 3 dəfə görüş keçirilmişdir. Sabiq sədr İsgəndər Həmidov vəzifəsindən istefa versə də, birləşmə prosesini dəstəkləmiş, lakin birləşmə gerçəkləşməmişdir.[12]
24 dekabr 2008-ci il tarixində Azərbaycan Milli Demokrat Partiyası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdır.[13]
Partiya sədrliyinə daha sonra İsgəndər Həmidov keçmişdir, lakin 2011-ci ildə İsgəndər Həmidov sədrlik postundan istefa verdi.
24 aprel 2011-ci il tarixində Azərbaycan Milli Demokrat Partiyası Böyük Məclisinin iclası keçirilmiş, iclasda 51 məclis üzvündən 31-i iştirak etmiş, növbədənkənar qurultay qərarı alınmış və qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi yaradıldığı üçün sədr Tufan Kərimin səlahiyyətləri dondurulmuşdur.[2] 26 aprel 2011-ci il tarixində Tufan Kərim tərəfdarları Böyük Məclisin son iclasının 15 apreldə keçirildiyini və 24 aprel tarixli iclasını qeyri-qanuni hesab etmişdir.[14]
25 iyul 2011-ci il tarixində 45 rayondan 85 nəfərin, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Müsavat Partiyası Məclisinin üzvü Arzu Səmədbəyli, siyasətçi Aqil Səmədbəyli, Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu, Azərbaycan Ümid Partiyası Aparatının rəhbəri Nəsimi Məmmədli və "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı kimi şəxslərin iştirakı ilə Qələndər Muxtarlının rəhbərlik etdiyi partiya qurultay keçirmişdir. Qurultayda partiyanın adı Azərbaycan Milliyətçi Demokratlar Partiyası olaraq dəyişdirilmiş, partiyanın yeni emblemi və bayrağı qəbul edilmişdir. Qurultayda Qələndər Muxtarlı sədr seçilmişdir. Qurultaydan sonra yeni təşkil edilmiş Baş Məclisin iclasında Oqtay Xəlili Baş Məclisin sədri seçilmişdir. Qurultayda partiya adının və embleminin səsverməsiz dəyişdirilməsinə etiraz edən Nurəddin Xoca partiyadan istefa vermişdir.[15]
İsgəndər Həmidov 2014-cü ildə Azərbaycan Milliyətçi Demokrat Partiyasında fəaliyyət göstərməyə başladı. O, sədrliyə geri qayıtmaq üçün növbədənkənar qurultay qərarı aldı. Sədri İsgəndər Həmidov olan qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi[16] 26 yanvar 2014-cü il tarixində sabiq sədr Qələndər Muxtarlının partiya sıralarından xaric edilməsini səsə qoyaraq qəbul etmişdir.[17]
İsgəndər Həmidov Azərbaycan Milli Demokrat Partiyasının sədri olması üçün Rauf Arifoğlu və Nəsib Nəsibliyə təklif götürmüşdür, lakin hər iki şəxs də təklifi qəbul etməmişdir.[18]
2019-cu ildə Qələndər Muxtarlı rəhbərliyində bir qrup şəxs bəyanat yaymışdır. Bəyanatda həm Tufan Kərim, həm İsgəndər Həmidov tərəflərinin partiya fəaliyyətini iflic etdiyi, 6 ildir qurultay keçirilmədiyi və qurultaya hazırlıq üzrə təşkilat komitələrinin fəaliyyətsiz olduqları qeyd olunmuşdur. Bu səbəbdən Qələndər Muxtarlı, Əligül Məmmədli, Zahid Usub, Nurəddin Xoca (İsmayılov), Oqtay Xəlili, Rövşən Cəfərli, Əlövsət Əlvəndoğlu, Səfər Hümbətov, İlqar Kazımovdan ibarət Azərbaycan Milliyətçi Demokrat Partiyasının birləşdirici qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi təşkil olunmuşdur.[19]
23 yanvar 2021-ci il tarixində Azərbaycan Milliyətçi Demokratlar Partiyası 124 nümayəndənin iştirakı ilə onlayn qurultay keçirmiş və qurultayda partiyanın adını Milliyətçi Hərəkat Partiyası olaraq dəyişmişdir. Qələndər Muxtarlı partiya sədri seçilmişdir.[20]
12 sentyabr 2021-ci il tarixində Milliyətçi Hərəkat Partiyası yenidən Azərbaycan Milliyətçi Demokrat Partiyası adını aldığı növbədənkənar qurultayınl keçirmişdir. Qurultayda Qələndər Muxtarlı yenidən sədr seçilmiş və 11 nəfərlik yeni İdarə Heyəti seçilmişdir. Bu qurultayda 2003-cü ildə Bizim Azərbaycan Blokunun üzvü olmuş, Həsən Həsənovun sədrlik etdiyi Azad Azərbaycan Partiyası Azərbaycan Milliyətçi Demokratlar Partiyasına birləşmiş və Həsən Həsənov isə sədrin siyasi məsələlər üzrə müavini, 2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmiş Mənsum Bayramov isə partiyanın Böyük Məclisinin sədri seçilmişdir.[21]
Partiya 14 aprel 2023-cü il tarixində özünü buraxdığı ilə bağlı bəyanat yaymışdır.[22] 18 aprel 2023-cü il tarixində partiya daxilində partiyanın buraxılması qərarı ilə razılaşmayan şəxslər bəyanat yaymışdır. Bəyanata əsasən partiyanın buraxılmasının addımı Tufan Kərimin şəxsi fikri olduğu, sabiq sədr müavini Eldar Tağıyevin rəhbərliyində növbədənkənar qurultay qərarı alınmış və Təşkilat Komitəsi yaradılmışdır.[23]
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulun ardınca, 14 aprel 2023-cü il tarixində Azərbaycan Milli Demokrat Partiyası bəyanat yayaraq fəaliyyətini dayandırdığını elan etmişdir.[24]
12 noyabr 2023-cü ildə Azərbaycan Milli Demokrat Partiyasının Qələndər Muxtarlı sədrliyində Müsavat Partiyası qərargahında təsisçilərin təsis toplantısı keçirilmişdir.[25] 13 yanvar 2024-cü il tarixində Azərbaycan Milli Demokrat Partiyasının Klassik Xalq Cəbhəsi Partiyası qərargahında yeni Təsis Konfransı keçirilmişdir.[26] Konfransda partiyanın sədri Tufan Kərim, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Milliyətçi Demokratlar Partiyasının sədri Qələndər Muxtarlı iştirak etmişdir. Partiya 55 nəfərdən ibarət təsisçiləri ilə qurultay qərarı almışdır. Verilən məlumatda 2023-cü ildə rəsmi dövlət qeydiyyatı olmayan Azad Azərbaycan Partiyası və sədri Həsən Həsənov, 2021-ci ildə təsis olunmuş[27] rəsmi dövlət qeydiyyatı olmayan Demokratik Dəyişim Partiyası və sədri Əli Mustafanın Azərbaycan Milli Demokrat Partiyası daxilində fəaliyyət göstərməyə başladığı qeyd olunmuşdur.[28][29]
Partiyanın seçkili orqanları sədr, Böyük Məclis, Siyasi Şura və Nəzarət—Təftiş Komissiyası olmuşdur.
# | Sədr | Başlama tarixi | Bitmə tarixi |
---|---|---|---|
Azərbaycan Boz Qurd Partiyası (1993–1995) | |||
1 | Bəxtiyar Əhmədov | 26 dekabr 1993 | 1995 |
Azərbaycan Milli Demokrat Partiyası (1995–2023) | |||
1 | İsgəndər Həmidov |
199? | aprel 2008 |
- | Oqtay Xəlili | aprel 2008 | 24 avqust 2008 |
2 | Tufan Kərim | 24 avqust 2008 | 14 aprel 2023 |
Qurultay | Tarixi | Sədrliyə namizədlər | Seçilən sədr |
---|---|---|---|
Azərbaycan Boz Qurd Partiyası (1993–1995) | |||
Təsis Qurultayı | 26 dekabr 1993 | Bəxtiyar Əhmədov | Bəxtiyar Əhmədov |
Azərbaycan Milli Demokrat Partiyası (1995–2023) | |||
II Qurultay | 1999 | İsgəndər Həmidov | İsgəndər Həmidov |
III Qurultay | |||
IV (Növbədənkənar) Qurultay | 24 avqust 2008[7] | Tufan Kərim | Tufan Kərim |
V Qurultay | 26 iyun 2011[30] | ||
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2010 | Tufan Kərim | 1 209 | 0.05 | 0 / 125
|
2015 | 481 | 0.02 | 0 / 125
| |
2020 | 0 / 125
|
Azərbaycan Milli Demokrat Partiyasının qərargahı Yasamal rayonunda Ə. Ələsgərov Küç. 10 ünvanında yerləşirdi.
11 iyul 2011-ci il tarixində Azərbaycan Milli Demokrat Partiyası və Güney Azərbaycan İstiqlal Partiyası arasında əməkdaşlıq sazişi imzalanmışdır.[31]