Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP — Azərbaycanda 26 yanvar 1991-ci il tarixlərində təsis edilmiş, 17 oktyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən rəsmi qeydiyyata alınmış, ardınca 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatından keçmiş, lakın 1 sentyabr 1995-ci ildə qeydiyyatı ləğv olunmuş, sonuncu dəfə isə 3 fevral 2000-ci ildə yenidən rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiya.
Azərbaycan Demokrat Partiyası | |
---|---|
Qurucu | |
Quruluş tarixi | 26 yanvar 1991 |
Qeydiyyat tarixi |
14 may 1993 (ilk) 3 fevral 2000 (ikinci) |
Birləşən |
Ədalət Partiyası (1996) Demokratik Azərbaycan Partiyası[a](1998) Demokratik Yol Partiyası[a] (2000) |
Bölünmə |
Demokratik Azərbaycan Partiyası[a] Ədalət Partiyası (2001) Açıq Cəmiyyət Partiyası[a] (2007) |
İdeologiya | respublikaçılıq, mühafizəkarlıq, Demokratiya, müstəqillik, dövlətçilik, Liberal konservatizm |
İdeoloji spektr | solçuluq |
Üzvlüyü |
Demokratik Konqres (1994-1995) SİDSUH (1998) Azadlıq Bloku (2005-2007) Beşlər (2007) Altılar (2007) Beşlər (2007-2008) Dördlər (2008) Qarabağ Bloku (2010-2015) Azərbaycan Xalq Hərəkatı (2019) |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Milli Məclisdə |
0 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | adp-muxalifet.blogspot.com |
Azərbaycan Demokrat Partiyası I çağırış Azərbaycan Respublikasının Milli Məclisində transfer üsulu ilə 7 millət vəkili — Zəminə Dünyamalıyeva, Şamil Yusifov, Akif Şahbazov, Solmaz Ələsgərova, Mahir Əsədov,[2][3] Yusif Bağırzadə və Umar Əfəndiyev ilə təmsil olunmuşdur.[4] Beləliklə, partiya Azərbaycanda ilk dəfə siyasi transfer etmişdir.
Azərbaycan Demokrat Partiyası indiyədək 11 qurultay (2-si qurultay səlahiyyətli konfrans olmaqla) və 4 konfrans keçirmiş, 3 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında bir çox tanınmış şəxslər olmuşdur. Bu şəxslərə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Telman Orucov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev və oğlu Elman Salayev, jurnalist Aydın Quliyev, hüquqşünas Qurban Məmmədov, Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Tağıyev, sabiq milli təhlükəsizlik naziri müavini Sülhəddin Əkbər misal göstərilə bilər.[2]
Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 2003-cü ildə Yusif Bağırzadə təmsil etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokrat Partiyasının üzvlərinin 97%-i kişi, 3%-i isə qadın olmuşdur.[5]
1990-cı illərin əvvəlində Naxçıvan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri Elman Cəlilov, Sərdar Cəlaloğlu və Sülhəddin Əkbər Xalq Cəbhəsindən ayrılaraq yeni partiya yaratmağı planladılar. Onlar Xalq Demokratik Partiyası adlı partiya yaratmaq üçün çalışmağa başladılar. Elman Cəlilov partiyanın nizamnaməsini yazmağa başlamış, lakin Cəlaloğlu və Əkbər nizamnaməyə müəyyən dəyişikliklər etmək istədiyi üçün mübahisələr yaranmışdır. Bunun ardınca Sülhəddin Əkbər və Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyası adlı partiyanın yaradılması üçün fəaliyyətə başladılar.[6]
Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci ildə Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri aşağıdakı şəxslərdir:[2][3]
Azərbaycan Demokrat Partiyası 17 oktyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qeydiyyata alınmışdır. Bundan sonra 25 aprel 1992-ci ildə Naxçıvan şəhərində partiyanın I Konfransı keçirilmişdir. 14 mart 1993-cü ildə, yəni "Siyasi partiyalar haqqında" qanun qəbul edildikdən sonra Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən Azərbaycan Demokrat Partiyası rəsmi dövlət qeydiyyatına alınmışdır.[2][3] Elə həmin il partiyanın mərkəzi qərərgahı Naxçıvan şəhərindən Bakı şəhərinə köçürülmüşdür.[2][3] Bakıya köçən Azərbaycan Demokrat Partiyası 28 iyul və 23 yanvar tarixlərində II və III konfransını keçirmiş və qurultay qərarı almışdır.
Partiyanın qurucularından və sədr müavini olmuş Sülhəddin Əkbərin 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini təyin olunması və Müsavat Partiyasının bərpa prosesində iştirak etməsi partiyanın qərarlarına tabe olmama kimi dəyərləndirilmişdir. Bu səbəbdən o, Azərbaycan Demokrat Partiyası İdarə Heyəti tərəfindən partiyadan uzaqlaşdırılmışdır.[2][6]
7–8 may 1994-cü ildə Azərbaycan Demokrat Partiyasının I Qurultayı keçirilmiş, qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilmişdir.[3]
1994-cü ildə Azərbaycan Demokrat Partiyası Müsavat Partiyası, Azərbaycan Ana Torpaq Partiyası, Xalq Azadlıq Partiyası və Azərbaycan Xalq Cəbhəsi ilə birgə Demokratik Konqes adlı birliyi yaratmışdır.[8] 1995-ci ildə, parlament seçkiləri ərəfəsində Azərbaycan Demokrat Partiyası bu qurumdan ayrılmışdır.[8]
1995-ci il parlament seçkiləri ərəfəsində, 1 sentyabr 1995-ci ildə Ədliyyə Nazirliyi partiyanın dövlət qeydiyyatını ləğv etmişdir.[2][3] Partiya rəhbərliyi bunun siyasi sifariş olduğunu və partiyanın seçkilərdə iştirakının qarşısının alınması məqsədilə icra olunduğunu iddia etmişdir.[2]
10 sentyabr 1995-ci ildə Azərbaycan Demokrat Partiyasının II Fövqəladə Qurultayı keçirilmişdir.
1998-ci ildə 20 siyasi partiya prezident seçkilərində iştirak etməkdən imtina etdi. 5 partiya isə bu seçkiləri boykot etmək haqqında protokol imzaladı. Ardınca 26 mart 1998-ci ildə 36 ictimai-siyasi təşkilatı birləşdirən Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) koalisiyası yaradıldı. Sonrakı dövrdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası daxil olmaqla 67 partiya və təşkilat təmsil olunmuşdur.[9]
30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir.[2] Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.[2][3] Birləşmədən sonra Ədalət Partiyasından gəlmiş ədliyyə generalı İlqar Qasımov partiya Ali Məclisinin sədri seçilmişdir və 1998-ci ilədək bu vəzifədə çalışmışdır.[10]
25 may 1998-ci ildə Azərbaycan Demokrat Partiyasının V Növbədənkənar Qurultayı keçirilmişdir.
1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[11] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[2][3] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[2]
Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[2][3] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[4] Beləliklə, partiya Azərbaycanda ilk dəfə siyasi transfer etmiş və parlamentdə de-fakto 7 mandat sahibi olmuşdur.
2000-ci ildə Yaqub Abbasovun sədrlik etdiyi Demokratik Yol Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[2]
3 fevral 2000-ci ildə Azərbaycan Demokrat Partiyası yenidən rəsmi dövlət qeydiyyatına alınmışdır.[2]
Partiya 5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmışdır. 21 sentyabr 2000-ci ildə Mərkəzi Seçki Komissiyası Azərbaycan Demokrat Partiyasının proporsional seçki üçün tələb olunan 50 min imza üçün təqdim olunmuş imza vərəqələri haqda yekun rəyində 53644 imzadan 4744-nin saxta olduğunu açıqladı.[12] Beləliklə, partiyanın seçkiyə buraxmamaq haqda qərar çıxarıldı. Partiyanın Ali Şurasının sədri Nurəddin Məmmədli isə imzalarla bağlı tərtib olunan protokola 5 ekspertdən ikisinin imza atdığını bildirdi.[12] Oktyabrın 2-də Turan İnformasiya Agentliyi birmandatlı dairələr üzrə partiyanın 60 namizədindən heç birinin qeydə alınmaması haqda məlumat yaydı. Komissiyanın qərarlarından sonra ABŞ Dövlət Departamenti və Avropa Şurası Azərbaycan hakimiyyətinə bütün müxalifət partiyalarını seçkiyə buraxması üçün çağırışı etdi.[12] Oktyabrın 6-da Prezident Heydər Əliyev MSK-ya müraciət edərək siyasi partiyaların Milli Məclisə proporsional seçki sistemi üzrə iştirakını məhdudlaşdıran qərarlara yenidən baxılmasını istəmişdir. Daha sonra komissiya "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Qanunun 2.2-ci maddəsinin 10-cu bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası və Azərbaycan Liberal Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul etdi.[12]
Seçkilərdə Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi.[13] 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi.[2] Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.[2]
2000-ci il parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra müxalif Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası bütün müxalifəti seçki nəticələrini tanımamağa və seçkiləri boykot etməyə səsləmişdir. 6 mandat almış Azərbaycan Xalq Cəbhəsi Partiyası, hər biri 2 mandat almış Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası da bu çağırışa cavabsız qalmamışdır. 14 noyabr 2000-ci ildə 6 müxalif partiya — Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası yeni parlamenti boykot edən və yeni seçkilər keçirilməsini tələb edən saziş imzaladılar.[14][15] Ardınca müxalifət 18 noyabr 2000-ci il tarixinə etiraz aksiyası təyin etdi.[16] Təkrar seçkilərin elanından sonra boykotçu siyasi partiyalardan Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar) və Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə iştirak qərarı almışdır. Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər), Azərbaycan Liberal Partiyası və Müsavat Partiyası isə seçkiləri boykot etmişdir.[15]
13 iyun 2003-cü ildə Azərbaycan Demokrat Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına üzvlüyü irəli sürülmüş Yusif Bağırzadə komissiya üzvü seçilmişdir.[17]
22 iyun 2003-cü ildə Azərbaycan Demokrat Partiyasının VII Fövqəladə Qurultay Səlahiyyətli Konfransı keçirilmişdir.
Azərbaycan Demokrat Partiyası 2003-cü il prezident seçkilərində Rəsul Quliyevin namizədliyini irəli sürmüşdür. Onun namizədi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmamışdır.[18] Bundan sonra partiya sədri Rəsul Quliyev Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbərə dəstək verməyə səslədi.[19] Seçki nəticəsində İsa Qəmbər 338 145 səs (13.97%) toplayaraq seçkiləri Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin ardınca 2-ci sırada tamamladı.[20] Bu səbəbdən müxalif qüvvələr etiraz aksiyalarına başladı. Etiraz aksiyalarının iştirakçılarından və təşkilatçılarından Azərbaycan Demokrat Partiyası sədr müavini Sərdar Cəlaloğlu da həbs olunmuşdur.[21] Bu etirazlarla bağlı Milli Məclis "konstitusiyaya zidd olduğu" səbəbilə qərar çıxarmışdır.[22] Seçkilərin yekun protokolunu Yusif Bağırzadə də imzaladığı üçün partiya onunla əlaqələrini kəsmişdir.[23]
23 aprel 2005-ci ildə Azərbaycan Demokrat Partiyasının V Qurultayı keçirilmişdir. Qurultayda həmsədrlik və katiblik postları ləğv olunaraq sədrlik və sədr müavinləri postları yaradılmışdır.[24] Qurultayda Rəsul Quliyev yenidən sədr seçilmişdir.[24]
2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar.[25][26] 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir.[27] 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı.[28] 21 iyulda blok qeydiyyatdan keçdi.[29] Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi.[30] 116 vahid namizədin olduğu siyahıya[31] əsasən 28 namizəd (daha sonra 1 namizəd geri çəkildi) Azərbaycan Demokrat Partiyası üzvü idi.[30] Həmçinin, 2005-ci il Naxçıvan Ali Məclisinə seçkilərdə Azadlıq Bloku üzvlərindən Müsavat Partiyası 16, Azərbaycan Xalq Cəbhəsi Partiyası 15 və Azərbaycan Demokrat Partiyası 13 namizədlə iştirak etmişdir.[32]
Seçkilər ərəfəsində hakim Yeni Azərbaycan Partiyası və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev iqtidar-müxalifət dialoqu təşkil etməyi təklif etmişdir.[33] Görüş AXCP qərargahında reallaşmış, Azərbaycan Demokrat Partiyasını Ali Məclis sədri Akif Şahbazov təmsil etmişdir.[34] Növbəti dəfə hakim YAP qərargahında görüş keçirsə də, Azadlıq Bloku üzvləri bu görüşə qatılmamışdır.[35]
Seçkilərdə ABŞ-də yaşayan partiya sədri Rəsul Quliyev 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa namizəd olsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu Rəsul Quliyevin namizədlərə şamil olunan toxunulmazlığının qaldırılması ilə bağlı qərar çıxarmışdır. Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcəkdi və onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda Rəsul Quliyevin 1990–1995-ci illərdə "Azərneftyağ" zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsədiyi və bu səbəbdən 10 oktyabr 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edildiyi açıqlanmışdır.[36][37] Sentyabrda Rəsul Quliyev oktyabrın 15-dək Azərbaycana dönəcəyini açıqladı.[38][39] Rəsul Quliyev daha sonra oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gələcəyini açıqlamışdır.[40] 17 oktyabrda Rəsul Quliyevin təyyarəsi Binə Hava Limanının ərazisinə daxil oldmuş, ancaq onun yerə enməsinə icazə verilməmişdir.[41] "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərov Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənildiyini, sorğuya müsbət cavab verildiyini, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olduqdan sonra ADP sədrinin Bakıya uçmaqdan imtina etdiyini açıqlamışdır.[42] Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbini Azərbaycanın təklifi ilə onun İnterpolun axtarışında olması ilə əlaqələndirmişdir.[42] Ardınca partiya üzvləri bununla bağlı aksiya keçirmiş və bu səbəbdən saxlanılmışdır.[43] Onlardan 40-ı deputatlığa namizəd olmuşdur.[42] 18 oktyabrda Rəsul Quliyev Ukraynada saxlanılmışdı.[44] 19 oktyabrda Azərbaycan iqtidarı bu hadisələri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi və bu hadisələrlə əlaqəli olan iqtisadi inkişaf naziri Fərhad Əliyev,[45] səhiyyə naziri Əli İnsanov[46] və Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev və deputat Fikrət Sadıqov da həbs edildi.[47][48] Hadisələrlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da saxlanıldı.[49] Rəsul Quliyev çevriliş iddialarını qəbul etməmişdir.[50] 20 oktyabrda Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə Rəsul Quliyev sərbəst buraxıldı.[51] Bundan sonra Quliyev ölkəyə qayıtmaq istəsə də, qayıda bilmədi.
Parlament seçkilərinin nəticəsində Azadlıq Bloku 5 mandat qazansa da Azərbaycan Demokrat Partiyası mandat qazana bilmədi.[52] Azadlıq Bloku seçki nəticələrini tanımadı.[53] 9 noyabrda YeS Bloku və Milli Birlik Hərəkatının üzvlərinin iştirakı ilə Azadlıq Bloku etiraz mitinqi keçirdi.[54] Daha sonra arıdıcıl bir neçə mitinq keçirən Azadlıq Blokuna üzv partiyaların rəhbərləri şikayətlərini və etirazlarını ABŞ və Avropa Birliyinə üzv digər dövlətlərinin nümayəndələrinə də çatdırdılar.[55] Seçkilərin ardınca Azərbaycan Demokrat Partiyasında istefalar başladı.[56] Daha sonralar Zəminə Dünyamalıyeva Rəsul Quliyevin gəlişindəki uğursuzluğu Sərdar Cəlaloğlu ilə əlaqələndirmişdir. O, Cəlaloğlunun hakimiyyətlə oyuna gedərək planı hakimiyyətə satmaqla günahlanmışdır. Dünyamalıyeva Quliyevin Cəlaloğlununa əvvəlcə inandığını, daha sonra Cəlaloğlunun planı satdığına inandığı üçün partiyadan ayrılmışdır.[2] Cəlaloğlu isə belə açıqlama vermişdir:[2]
Mən Rəsul Quliyevə demişdim ki, Ukraynaya get? Özü uçdu ora, sonra da qayıdıb getdi Amerikaya. Hamı yaxşı bilir ki, onun qayıtması üçün burada hansı hazırlıq işləri görülmüşdü. Sərdar Cəlaloğlu satmışdısa, Zəminə Dünyamalıyeva qabağa düşüb onu gətirəydi. Boş və mənasız sözlər danışırlar. Bunların məqsədi Rəsul Quliyevin qorxaqlığını pərdələmək, günahı başqalarının üzərinə atmaqdır. Bu adam ADP-dən ayrılandan sonra öz bacısı uşaqlarını belə tutdurdu. |
2005-ci il parlament seçkiləri dövründə Rəsul Quliyevin Azərbaycana qayıtması planının uğursuzluqla nəticələnməsindən sonra Azərbaycan Demokrat Partiyası daxilində münaqişələr yaranmış Aydın Quliyev və Sərdar Cəlaloğlu bu mübarizədə əsas iştirakçılardan olmuşdur. 2005-ci il dekabrın ayının 22-də Azərbaycan Demokrat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında Aydın Quliyevin partiya sıralarından çıxarılmasına qərar verilmişdir. Həmin qərarda bildirilirdi:[2]
Aydın Quliyev partiyanın sədri, “Azadlıq” blokunun 36 saylı Xətai dördüncü seçki dairəsindən Milli Məclis deputatlığına vahid namizədi Rəsul Quliyevin seçki kompaniyasını pozmağa cəhd etdiyinə, partiyanın rəhbər qurumlarının çıxardığı qərarların əleyhinə mətbuatda əks-təbliğat apardığına görə partiya sıralarından xaric olunub. |
Bu qərardan sonra Aydın Quliyev Sərdar Cəlaloğlunun iddialarını rədd etmiş, onun Rəsul Quliyevə xəyanət etdiyini və partiyadan ixrac edilməsinin vacib olduğunu bildirmişdir. Partiya daxili hadisələrdən sonra Aydın Quliyev haqqında verilən qərar icra olunmuş və o, partiyadan ixrac edilmişdir.[2][57]
10 fevral 2006-cı ildə Azadlıq Seçki Bloku ləğv edilmiş, onun əsasında Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Birlik Hərəkatını birləşdirən Azadlıq Siyasi Bloku təsis edildi.[58] Blok 17 fevralda rəsmən təsis edildi.[59]
Azadlıq Seçki Bloku 6 mandat qazansa da, mandatlardan 4-ü Müsavat Partiyasının payına düşürdü. Müsavat Partiyası təkrar seçkilərə qatılmaq istəyini bildirsə də, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmə qərarı almışdır. Belə ki, 18 yanvar 2006-cı ildə keçirilən Azərbaycan Demokrat Partiyası Ali Məclisinin Rəyasət Heyətinin iclasında parlamentdə və təkrar seçkilərdə iştirakın məqbul olmadığı qərarı qəbul edilmişdir.[60]
20 avqust 2006-cı ildə İsveçrədə Azərbaycanın Demokratiya Uğrunda təşkilatı yaranmış və Rəsul Quliyev partiyaya rəhbərlik etməyə başlamışdır.[61][62]
Azadlıq Siyasi Blokunun üzvü Azərbaycan Demokrat Partiyası 2006-cı il bələdiyyə seçkilərini də boykot etmiş, partiya üzvlərindən namizədliyini irəli sürənlərin üzvlüyünə son vermə barədə qərar almışdır.[63]
27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi.[2] Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır.[64] 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı,[65] lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı.[66] Quliyev Akif Şahbazovu Azadlıq Blokunda patiyanı təmsil etməklə bağlı vəzifələndirsə də, blok partiya təmsilçi olaraq Cəlaloğlunu tanımışdır.[67] 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi.[68] Bu hadisələrdən sonra Azadlıq Bloku Azərbaycan Demokrat Partiyasını blokdan çıxarmışdır.[69]
14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Zəminə Dünyamalıyeva, Akif Şahbazov və Mahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi.[2][70] 27 may 2007-ci ildə Sərdar Cəlaloğlunun rəhbrəliyində partiyanın 9-cu qurultayı keçirildi. Qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçildi. Qurultayda partiya siyasi dialoq tərəfdarı olduğunu öz nizamnaməsinə əlavə etdi.[71]
Sərdar Cəlaloğlunun rəhbərliyində konstruktiv fəaliyyətə başlandıqdan sonra 2007-ci ilin yanvar ayında Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Müsavat Partiyası və Azərbaycan Naminə İctimai Forumu tərəfindən "beşlər" adlanan məşvərət qurumu yaradılmışdır.[72] Daha sonra bu quruma Azərbaycan Sosial Demokrat Partiyası da qatılmış və qurum "Altılar" adı almışdır, lakin ASDP noyabr ayında qurumdan ayrılmışdır.[73] Qurum yenidən mediada "beşlər" adlanmışdır.[74] 2008-ci ildə Azərbaycan Tərəqqi Partiyası birliyi tərk etmiş, qurum "dördlər" adlanmağa başlamışdır.[75] Prezident seçkiləri ərəfəsində isə qurumun fəaliyyəti dayanmışdır.
Azərbaycan Demokrat Partiyası 2008-ci il prezident seçkilərində iştirakdan imtina etmişdir.[76]
Partiya 2009-cu il Konstitusiya Referendumuna qarşı çıxmış, Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Partiyası və Azərbaycan Ümid Partiyası ilə birgə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı Təşviqat Qrupunu təsis etmişdir.[77]
2009-cu il bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyası partiya şəkildə iştirakdan imtina edərək üzvlərini fərdi təşəbbüslə namizəd olmağa səsləmişdir.[78] Partiya üzvü 26 nəfər namizəd olmuşdur.[79] Şəxsi təşəbbüslə namizəd olmuş 2 nəfər üzv seçilmişdir.[79][80]
2010-cu il parlament seçkilərində Azərbaycan Demokrat Partiyası Azərbaycan Ümid Partiyası ilə bərabər Qarabağ Seçki Blokunu təsis etmişdir.[81] Blok 10 sentyabr 2013-cü ildə qeydiyyata alınmışdır.[82] Blok seçkidə 32 namizədlə iştirak etmişdir,[83] lakin mandat qazana bilməmişdir. 2011-ci ilin fevralında seçki bloku siyasi bloka çevrilmiş və bu barədə partiya sədrləri İqbal Ağazadə və Sərdar Cəlaloğlu anlaşma imzalamışdırlar.[84] Seçkinin ardınca blokla əməkdaşlıq edən Aydınlar Partiyası seçki blokunun siyasi bloka çevrildiyi üçün blokla əməkdaşlığı dayandırmışdır.[85]
Azərbaycan Demokrat Partiyası 2013-cü il prezident seçkilərində partiya sədri Sərdar Cəlaloğlunun namizədliyini irəli sürmüşdür.[86] Cəlaloğlu, dövlət tərəfindən maliyyələşmədiklərini və seçkilərə 3 000 manat xərclədiklərini açıqlamışdır.[87][88] Sərdar Cəlaloğlu seçkiləri 22773 səs (0.62%) toplayaraq sonuncu, yəni 10-cu sırada başa vurmuşdur.[89] Seçkilərin ardınca Sərdar Cəlaloğlu namizədlik üçün lazım olan 45 min imzadan da az səs topladığı üçün partiya sədrliyindən istefa vermişdir.[90][91] Partiya İdarə Heyəti istefa tələbini qəbul etməmişdir.[92]
2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşmək üçün qarşılıqlı təmaslar başlatdı. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi,[93] lakin yekun nəticədə birləşmə baş tutmamışdır.[94]
Azərbaycan Demokrat Partiyası 2014-cü il bələdiyyə seçkilərində partiya şəkildə iştirakdan imtina edərək üzvlərini fərdi təşəbbüslə namizəd olmağa səsləmişdir.[95] Partiya Müsavat Partiyasına əməkdaşlıq təklif etsə də, təklifi qəbul olunmamışdır.[96] Qarabağ Blokunun digər üzvü Azərbaycan Ümid Partiyası seçkilərdə Azərbaycan Demokrat Partiyasına maddi dəstək vermədiyi üçün birlikdə problem yaranmışdır.[97]
Azərbaycan Demokrat Partiyası 2015-ci ildə iqtidarın başlatdığı yeni iqtidar-müxalifət dialoqlarında iştirak etmiş, prezidentin köməkçisi Əli Həsənovun rəhbərliyində keçirilmiş bir neçə görüşdə iştirak etmişdir.[98][99][100]
2015-ci il parlament seçkilərində Azərbaycan Demokart Partiyası əvvəlcə iştirak etmək qərar almış, səlahiyyətli nümayəndələrini qeydiyyatdan keçirmiş,[101] ilkin 15 namizədini açıqlamış,[102] daha sonra isə iştirakdan imtina edərək nümayəndələrin də qeydiyyatını ləğv etmişdir.[103][104][105] Bu seçkilərdə Qarabağ Blokunun üzvü olan Azərbaycan Demokrat Partiyası digər üzv Azərbaycan Ümid Partiyası ilə bərabər Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlıq planlasa da, bu gerçəkləşməmişdir.[106] Azərbaycan Ümid Partiyası seçkilərə "125-lər" Siyasi Klubu ilə qatıldığı üçün və Azərbaycan Demokrat Partiyasının seçkilərdən imtina etdiyi üçün Qarabağ Blokunun fəaliyəti sonlanmışdır.[84]
2017-ci ildə Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası və Azərbaycan Demokrat Partiyası yeni birlik yaratmaq istəmişdir. Hətta birlik baş tutacağı təqdirdə Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının da bu prosesə qoşulacağı gözlənilirdi, lakin birlik planı gerçəkləşmədi.[107]
2018-ci il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Sərdar Cəlaloğlunun namizədliyi irəli sürülmüşdür. Onun namizədliyi 17 mart 2018-ci ildə qeydiyyata alınmışdır.[108][109] Seçki bulletenində adı 6-cı sırada qərarlaşmışdır. O, seçkiləri 119621 səs (3.03%) toplayaraq Yeni Azərbaycan Partiyası sədr İlham Əliyevin və bitərəf namizəd Zahid Orucun ardından 3-cü sırada başa vurmuşdur.[110]
26 yanvar 2019-cu ildə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Böyük Azərbaycan Partiyası və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar tərəfindən Azərbaycan Xalq Hərəkatı təsis edildi.[111] Daha sonra qurum daxilində parçalanma olmuş və qurum 2-yə bölünmüşdür.[112] Daha sonra qurumun fəaliyyəti tədricən zəifləyərək dayanmışdır.
Azərbaycan Demokrat Partiyası sədr səviyyəsində 11 sentyabr 2019-cu ildə keçirilmiş "Siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı" mövzusunda dinləmələrdə iştirak etmişdir.[113]
Azərbaycan Demokrat Partiyası 2019-cu il bələdiyyə seçkilərində bələdiyyələri effektiv orqanlar hesab etmədiyi üçün seçkilərə qatılmama qərarı almış, lakin üzvlərinə namizəd olmaqda sərbəstlik vermişdir.[114][115][116]
Partiya 2020-ci il parlament seçkilərində 30 namizədlə iştirak etsə də, 10 namizədi qeydə alınmış,[117] lakin mandat qazana bilməmişdir.
1 sentyabr 2020-ci ildə Azərbaycan Demokrat Partiyasının X Qurultayı onlayn şəraitdə keçirilmiş və Sərdar Cəlaloğlu yenidən sədr seçilmişdir.[118]
Azərbaycan Demokrat Partiyası 2020-ci ildə başladılmış iqtidar-müxalifət dialoquna qatılmış, partiya sədri Sərdar Cəlaloğlu bir neçə dəfə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə görüşmüşdür.[119][120][121]
ADP İkinci Qarabağ müharibəsi dönəmində və sonrasında siyasi partiyaların iqtidara dəstək, dünya ictimaiyyətinə müraciət, lokal antiterror əməliyyatlarına dəstək və s. kimi ortaq qərarlarına imza atmışdır.[122][123][124]
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra siyasi partiyalar üçün siyasi partiyaların yenidən dövlət qeydiyyatına alınması prosesi başladıldı. Bu proses çərçivəsində Azərbaycan Demokrat Partiyası siyahısını Ədliyyə Nazirliyinə təqdim etdi, lakin avqust ayında siyahıda olan problemlər səbəbi ilə nazirlikdən rədd cavabı gəldi və partiyaya 1 ay müddət verildi.[125] Azərbaycan Demokrat Partiyası üzv reyestrini nəzərdən keçirərək yenidən nazirliyə göndərmiş və partiya 8 sentyabr 2023-cü ildə yenidən dövlət qeydiyyatına alınmışdır.[126]
3 dekabr 2023-cü ildə Azərbaycan Demokrat Partiyasının XI Fövqəladə Qurultayı keçirilmiş və qurultayda partiya nizamnaməsi "Siyasi partiyalar haqqında" yeni Qanuna uyğunlaşdırılmışdır.[127]
2024-cü il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu partiyasının seçkilərdə iştirak etməyəcəyini, üzvlərə isə səsvermədə sərbəstlik tanındığını açıqlamışdır.[128] 2024-cü il parlament seçkilərində isə partiya iştirak qərarı almış, sədr Sərdar Cəlaloğlu isə əvvəlcə deputatlığa namizədliyini irəli sürsə də, daha sonra namizədliyini geri çəkmişdir.[129] Ümumilikdə partiya seçkilərdə 16 namizədlə qatılmağı planlasa da,[130] yekunda 4 namizədi qeydə alınmışdır.[131]
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | |||||
---|---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | ||||
1995 | |||||||||
2000 | İlyas İsmayılov |
Rəsul Quliyev |
0 / 100 |
1.1 | 0 / 25 |
0 / 125
| |||
2005 | Rəsul Quliyev |
0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |||
2010 | Sərdar Cəlaloğlu |
7,662 | 0.32 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| |
2015 | 2,746 | 0.10 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| ||
2020 | 0 / 125 |
N/A | N/A | N/A | 0 / 125
| ||||
2024 | N/A | N/A | N/A |
Seçki | Sədr | Nəticə | |||
---|---|---|---|---|---|
Səs | % | Mandat | |||
1995 | |||||
2000 | İlyas İsmayılov |
Rəsul Quliyev |
0 / 45
| ||
2005 | Rəsul Quliyev |
0 / 45
| |||
2010 | Sərdar Cəlaloğlu |
0 / 45
| |||
2015 | 0 / 45
| ||||
2020 | Partiya seçkilərdə iştirak etməmişdir.[132] | ||||
2024 | Partiya seçkilərdə iştirak etməmişdir.[133] |
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
1999 | 1 sentyabr 1995-ci ildə Azərbaycan Demokrat Partiyasının
rəsmi dövlət qeydiyyatı ləğv edilmişdir. | ||||
2004 | Rəsul Quliyev | ||||
2009 | Sərdar Cəlaloğlu | 2 / 15.591
| |||
2014 | |||||
2019 |
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006 | Rəsul Quliyev | 2 / 1.901
|
Partiya yarandığı gündən 29 noyabr 1998-ci il tarixli VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransınadək partiyada sədr postu mövcud olmuş, bu qurultayda isə bu vəzifə həmsədr vəzifəsi ilə əvəzlənmişdir.[2] 23 aprel 2005-ci ildə keçirilmiş Azərbaycan Demokrat Partiyasının V Qurultayınadək mövcud olmuş həmsədrlik və katiblik postları ləğv olunmuş sədrlik və sədr müavinləri postları yenidən yaradılmışdır.[24]
Sədrlər[redaktə | mənbəni redaktə et]
|
Həmsədrlər[redaktə | mənbəni redaktə et]
|
# | Adı | Vəzifəsi |
---|---|---|
1 | Həsrət Rüstəmov | Partiya sədrinin birinci müavini |
2 | Taliyət Əliyev | Partiya sədrinin müavini (seçki və hüquq məsələləri üzrə) |
3 | Nurəddin İsmayılov | Partiya sədrinin müavini (mətbuat və xalqla əlaqələr üzrə) |
4 | Nazilə Soltanova | Partiya sədrinin müavini (qadınlarla iş üzrə) |
5 | Daşqın Nuriyev | Partiya sədrinin müavini (əlaqələr və insan hüquqları üzrə) |
6 | Kamran Nəsirli | Partiya sədrinin müavini (gənclərlə iş üzrə) |
7 | Nizami Məmmədzadə | Partiya sədrinin müavini (təşkilati işlər üzrə) |
Partiyanın Qadınlar Şurasına bir müddət Nazilə Soltan rəhbərlik etmişdir.[134]
Partiyanın Gənclər Təşkilatına bir müddət Cəmil Hacıyev rəhbərlik etmişdir.[135]
Ad | Tarix | Seçilmiş sədr | Namizəd |
---|---|---|---|
Təsis Konfransı | 26 yanvar 1991 | - | |
I Konfrans | 25 aprel 1992 | ||
II Konfrans | 28 iyul 1993 | ||
III Konfrans | 23 yanvar 1994 | ||
I Qurultay | 7–8 may 1994 | Sərdar Cəlaloğlu | Sərdar Cəlaloğlu |
II (Fövqəladə) Qurultay | 10 sentyabr 1995 | ||
III Növbədənkənar (Birləşdirici) və
IV (Birləşdirici) Qurultay |
30 mart 1996 | İlyas İsmayılov | İlyas İsmayılov |
V (Növbədənkənar) Qurultay | 25 may 1998 | ||
VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfrans | 29 noyabr 1998 | Rəsul Quliyev | Rəsul Quliyev |
VII Fövqəladə Qurultay Səlahiyyətli Konfrans | 22 iyun 2003 | - | - |
VIII Qurultay | 23 aprel 2005[24] | Rəsul Quliyev | Rəsul Quliyev |
IX Qurultay | 27 may 2007[71] | Sərdar Cəlaloğlu | Sərdar Cəlaloğlu |
X (Onlayn) Qurultay | 1 sentyabr 2020[118] | Sərdar Cəlaloğlu
Rəşid Mansurov | |
XI Fövqəladə Qurultay | 3 dekabr 2023[127] | Nizamnamə qurultayı |
Azərbaycan Demokrat Partiyası qərargah olaraq "Hürriyət" qəzetinin icarəyə götürdüyü binanın bir hissəsini icarəyə götürmüşdür. "Hürriyət" qəzeti əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsinin mətbuat orqanı olmuş və Naxçıvanda nəşr olunmuş, 1992-ci ildən isə Bakı şəhəri Ələşrəf Əlizadə 13 ünvanındakı Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan qərargahı 25 illiyinə dövlətdən icarəyə alaraq Bakıda nəşr olunmağa başlamışdır. Azərbaycan Demokrat Partiyası "Hürriyət" qəzeti ilə birgə hər kvartal üçün aylıq 600 manat icarə haqqı ödəməkdədir.[136][137]
27 may 2024-cü ildə partiya sədri Sərdar Cəlaloğlu verdiyi müsahibədə partiya qərargahının yerləşdiyi binanın söküntü planına daxil edildiyini, sökülməyə başladığını, Azərbaycan Demokrat Partiyası və "Hürriyət" qəzetinin binanı tərk etdiyini açıqlamışdır.[138] Tikinti şirkətinin partiyaya bir miqdar kompensasiya ödədiyi söylənilmişdir. Partiyaya dövlət tərəfindən "Lider" Televiziyasının keçmiş binasında yer ayrılsa da, partiya müvəqqəti olaraq fərqli bir yerdə məskunlaşmışdır.[138]
Azərbaycan Demokrat Partiyası solçu partiyadır.[139] 2020-ci ildə partiya sədri Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının bir qədər həm millətçiliyə, həm dinçiliyə meyl eləyən partiya olduğunu açıqlamışdır.[140]
Azərbaycan Demokrat Partiyasının embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Simvolda doğan günəş fonunda açıq dənizdə 8 avar çəkən qayıqçı təsvir olunub. 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxmış günəş rəngindədir. Eyni zamanda simvolda təsvir olunan gəmi Qobustan qayaüstü rəsmlərində təsvir olunan rəsmlərdən götürülüb. Bu da Azərbaycanın qədim yaşayış məskəni olmasına işarədir.[141]
Azərbaycan Demokrat Partiyası 1990-cı illərin əvvəlində musiqisi Cavanşir Quliyevə aid olan himni istifadə etmişdir, lakin daha sonra Quliyev himni geri çağıraraq ləğv etmişdir.[142][143]