Diaspor Könüllüləri İctimai Birliyi — Azərbaycanda və xaricdə fəaliyyət göstərən könüllü təşkilat, ictimai birlik.[1] Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır.
Diaspor Könüllüləri İctimai Birliyi | |
---|---|
Növü | ictimai birlik[d] |
Yaranma tarixi | 29 mart 2019 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | dünya üzrə[d] |
Sədr | Bəxtiyar Rəhimov |
diaspor.gov.az/az/page/a… | |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur.[2]
24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun "Regional İnkişaf İctimai Birliyi"nin təmsilçisi Cəmil Əliyev, "ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli və könüllülər iştirak etmişdilər.[3]
Könüllülərin diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, müxtəlif yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə və uyğun maarifləndirici aksiyalarda iştirak etməsi nəzərdə tutulmuşdur.[2] "Azərbaycan Diaspor Könüllüləri"nin devizi "Bir addım 1000 addıma yol açır" seçilmişdir.[3] Təşkilatın fəaliyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin binasında icra olunur.
"Diaspor Könüllüləri İctimai Birliyi"nin üzvləri 18–29 yaş aralığındakı gənclərdən ibarətdir. 2019-cu ildə açıqlanan elana əsasən, müraciət edənlər içərisindən seçilmiş könüllülər 2 ay müddətində dövlət komitəsində müvafiq könüllülük proqramı keçmişdilər. "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirmişdir ki, ilk açıqlanan müraciət elanına proqrama 609 gənc müraciət etmişdir. Onların 95%-i Bakıda, 3,5%-i regionlarda, 1,5%-i isə xaricdə yaşayan azərbaycanlı gənclər olmuşdular.[3] Proqram çərçivəsində üzvlərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar verilmişdir. Proqramda tam iştirak etmiş gənclərə dövlət komitəsi tərəfindən sertifikatlar verilir.[2]
"Azərbaycan diaspor könüllüləri" proqramına müraciət edən gənclər hissə-hissə Diasporla İş üzrə Dövlət Komitəsinə dəvət olunaraq təlimlərə cəlb edilmişdir. Dövlət Komitəsinin müvafiq struktur rəhbərləri və əməkdaşları tərəfindən diaspor könüllüləri ilə keçirilən görüşlərdə Dövlət Komitəsinin ümumi fəaliyyəti, o cümlədən struktur bölmələrin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə geniş məlumat verilir. Könüllülər 2019-cu ilin iyun ayının ilk həftəsindən başlayaraq əvvəlcədən müəyyən edilmiş konkret mövzular üzrə təlimlərə cəlb edilmişdir.[4]
2019-cu ilin iyununda Diasporla İş üzrə Dövlət Komitəsində "Diaspor TV" vasitəsilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçıları ilə xaricdə yaşayan azərbaycanlılarla birgə müzakirələri təşkil edilmişdir. Müzakirələr yeni başlayan dövrdə qısa müddət ərzində könüllülər Kanada, Norveç və Çilidə yaşayan azərbaycanlılarla onların həmin ölkələrdə nə vaxtdan məskunlaşmaları, yaşadıqları cəmiyyətə inteqrasiya olunmaları, məşğuliyyətləri və s. kimi məsələlərlə bağlı müzakirələr aparmışdılar.[5] Həmin ilin iyulunda proqram çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin peşə bayramı münasibəti ilə "Vətən Uzaqda Deyil" adlı breyn-rinq İntellektual yarışı təşkil edilmişdir. İntellektual oyunda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşlarından və "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçılarından ibarət 7 komanda yarışmışdır. Qalib komandaya sertifikat, kubok və medallar təqdim edilmişdir.[6]
"Azərbaycan Diaspor Könüllüləri" proqramının ilk buraxılış qrupu 19 iyul 2019-cu ildə proqramı uğurla başa vurmuşdur. Həmin gün Diasporla İş üzrə Dövlət Komitəsində onlarla görüş keçirilmiş, görüşdə Dövlət Komitəsinin rəhbər heyəti, könüllülər və müxtəlif ölkələrdən Diaspor gənclərinin II Yay düşərgəsinə qatılmış bir qrup gənc iştirak etmişdir.[7] Həmin ilin sentyabrında proqrama qatılmaq üçün müraciət etmiş gənclərdən ibarət növbəti qrup Dövlət Komitəsində olmuş, onlara Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq struktur rəhbərləri və əməkdaşları tərəfindən Komitənin ümumi fəaliyyəti, o cümlədən struktur bölmələrin əsas fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumatlar verilmişdir.[8]
Könüllü gənclər ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi "Nə? Harada? Nə zaman?" intellektual turnirdə komitə könüllülərini təmsil etmişdir.[9] Oktyabr ayında ASAN Təlim-Tədris Mərkəzinin müdiri, dosent Nazənin Hüseynova və Mərkəzin təlimçisi Asəf Zeynalov könüllü gənclərə könüllülük fəaliyyəti ilə bağlı təlimlər keçmişdir. Təlimlərdə gənclərə Azərbaycanda könüllülər hərəkatının formalaşması barədə informasiya verilmiş, könüllülük anlayışı, bu fəaliyyətin gənclərin peşəkar inkişafında rolu izah olunmuşdur.[10] Həmin ay həmçinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısının görüşü keçirilmişdir. Görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olmuşdur.[11]
Bundan başqa, "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçıları ilə xaricdə yaşayan azərbaycanlılar arasında müzakirələrə davam edilmişdir. Müzakirələrin ilk günündə könüllülər Norveçdə yaşayan azərbaycanlı gənc, "CAN" təşkilatının sədri Şervin Nəcəfpur, "Qala" Azərbaycan–Yunanıstan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, təşkilatın baş katibi Salatın Məmmədli və Yunanıstanda yaşayan azərbaycanlı gənc Günel Nəsirova ilə video bağlantı vasitəsilə danışmışdılar.[12] Həmçinin, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə komitə əməkdaşlarından, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndələrindən və "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçılarından ibarət bir qrup şəxs Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişdir.[13]
Həmin ilin noyabrında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Diaspor Könüllüləri tərəfindən Bakı şəhərinin mərkəzində uşaqlara və xarici sakinlərə Azərbaycan paylanılmışdır.[14] Həmçinin, həmin ayda proqramın iştirakçılarından biri Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "II Dünya müharibəsi: sülh naminə həqiqətlər" adlı beynəlxalq konfransda iştirak etmişdir.[15] 2019-cu ilin dekabrında Azərbaycan Diaspor Könüllüləri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı ağacəkmə aksiyasında iştirak etmişdir.[16] 5 dekabr 2019-cu il tarixində keçirilən Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumunda Azərbaycan Diaspor Könüllüləri proqramının iştirakçısı Şahru Şabanov "İlin Könüllüsü" seçilərək mükafatlandırılmışdır.[17] "Azərbaycan Diaspor Könüllüləri" proqramının ikinci buraxılış qrupu 16 dekabr 2019-cu ildə proqramı uğurla başa vurmuşdur.[18]
2020-ci ilin fevralında "Azərbaycan Diaspor Könüllüləri" tərəfindən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında video-çarx hazırlanmışdır.[19] Həmin ay "Azərbaycan Diaspor Könüllüləri" Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Vikipediya" təlimlərinə başlamışdır.[20] Həmin ilin iyununda Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan "Qarabağ Azərbaycandır!" (Karabakh is Azerbaijan!) adlı "YouTube" kanalının video təqdimatı keçirilmişdir.[21] Bundan sonra milli platformanın beynəlxalq qanadı yaradılmış və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilmişdir. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda süjet hazırlanmışdır.[22]
Artıq avqust ayında platformanın "Facebook" sosial şəbəkəsində fəallıq göstərən qrupun tərkibində 56 ölkədə yaşayan azərbaycanlılar təmsil olunurdular.[23] Platforma çərçivəsində ingilis, rus və digər dillərdə Qarabağ münaqişəsi haqqında videolar dərc olunmuşdur.[24] "Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu" çərçivəsində ilin ən fəal könüllülərinin adları elan olunmuş, "Azərbaycan Diaspor Könüllüləri" proqramının iki iştirakçısı "İlin Könüllüsü" mükafatı ilə təltif olunmuşdur.[25]
2021-ci ilin mayında “Azərbaycan Diaspor Könüllüləri" proqramının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə "Vikipediya" təlimlərinə start verilmişdir.[26] Həmin ilin sentyabrında "Karabakh is Azerbaijan!" Milli Platforması Qarabağda fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start vermişdir. Platformanın koordinatoru Bəxtiyar Rəhimov qeyd etmişdir ki, kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək, daha sonra həmin kitablar Qarabağda açılacaq kitabxanalara hədiyyə ediləcək. Qısa müddətdə artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən fəallar 1,000-dən artıq kitab toplamışdılar.[27] Noyabr ayında "Karabakh is Azerbaijan" Milli Platfortması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət Ağdama səfər etmişdir. Onları Dövlət Komitəsinin əməkdaşları, "Karabakh is Azerbaijan!" Milli Platformasının və Diaspor Könüllülərinin koordinatoru müşayiət etmişdilər.[28] Noyabr ayında proqram iştirakçıları "IDEA İctimai Birliyi" və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına qoşulmuşdur.[29] Həmin ilin dekabrında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısı ilə görüş keçirmiş, onlara "İlin diaspor könüllüsü" plaketləri təqdim olunmuşdur.[30] Həmçinin, "Azərbaycan Diaspor Könülləri" proqramının iştirakçıları Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda iştirak etmiş, proqramın 4 iştirakçısı təltif olunmuşdur.[31]
2022-ci ilin sentyabrında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" layihəsi çərçivəsində 50 könüllü və Komitə əməkdaşları Şuşaya səfər etmişdir. Səfər proqramına "Bazarbaşı", Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidləri və digər görməli yerlərin ziyarəti daxil olmuşdur.[32] Diaspor könüllüləri Cıdır düzündə iri ölçülü Azərbaycan bayrağını dalğalandırmış və “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmişdilər.[33]
Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimovdur.[2]