Balizadə Mustafa Əfəndi (Bosniya və Herseqovina – dekabr 1662, İstanbul) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.
Balizadə Mustafa Əfəndi | |
---|---|
Əvvəlki | Hənəfi Mehmed Əfəndi |
Sonrakı | Bolevi Mustafa Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | qazı |
Əslən Kastamonulu olan Mustafa Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası Bali Əfəndi məhəllə mollası idi. İlk təhsilini atasından aldıqdan sonra şeyxülislam Xocazadə Mehmed Əfəndinin tələbəsi oldu və dini təhsilini burada başa vurdu. Ardından 1615-ci ilin iyununda müdərrisliyə keçdi və 1631-ci ilin iyununa qədər İstanbulun müxtəlif mədrəsələrində fəaliyyət göstərdi.
Daha sonra qazılığa yüksəldi və 1632-ci ilin iyulunda Mədinə qazısı oldu. 2 il burada xidmət etdikdən sonra paytaxta qayıtdı (iyul 1635). 4 il dövlət vəzifələrindən uzaq qaldıqdan sonra 1639-cu ilin mayında Üsküdar qazısı təyin olundu. 2 il bu vəzifədə qaldıqdan sonra bir müddət vəzifə gözlədi və 1647-ci ilin aprelində Bursa və Qalata qazısı təyin olundu. 5 ay bu vəzifədə qaldıqdan sonra 1648-ci ilin aprelində Rumeli başqazısı oldu və 3 ay sonra təqaüdə ayrıldı. 1652-ci ilin avqustunda Anadolu başqazısı seçildi və həmin ilin dekabrında vəzifədən könüllü olaraq ayrıldı.
Nəhayət, 21 noyabr 1656-cı ildə Hənəfi Mehmed Əfəndinin yerinə şeyxülislamlığa gətirildi. Bu vəzifədə yalnız 6 ay qala bildi. Rəqibləri bunun səbəbi olaraq, haqqında ağır ittihamlar söyləsə də, vəzifədən ayrılmasının əsas səbəbi sədrəzəm Körpülü Mehmed Paşanın islahat və yeniləşmə siyasətinə uyğunlaşmamasıdır. Bundan başqa sədrəzəmin, himayə etdiyi Bolevi Mustafa Əfəndini vəzifəyə gətirməsinin də rolu böyükdür. Vəzifədən ayrıldıqdan sonra Plovdivə sürgün edildi. Bundan başqa hələ 10 gün əvvəl Qalata qazısı olan oğlu da Plovdivə sürgün edildi.
Ölüm tarixi olan 1662-ci ilin dekabrına qədər sürgün yerləri dəyişdi. Məzarı son sürgün yeri olan Qaziantepin Sütlücə kəndində olsa da, sonradan itmişdir.