Hirkan milli parkı

Hirkan Milli ParkıAzərbaycanın Lənkəran rayonu ərazisində milli park. 2004-cü ildə yaradılmışdır. Ərazisi 40 358 hektar, (403,58 km²) sahəni əhatə edir.

Hirkan Milli Parkı
Hirkan Milli Parkı
Hirkan Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 40 358 hektar, (403,58 km²)
Mütləq hündürlüyü 243 m
Yaradılma tarixi 9 fevral 2004
İdarəetmə orqanı AETSN
Florası Şabalıdyarpaq palıd, dəmirağac, vələs, Lənkəran akasiyası
Faunası Bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot, ayı, canavar
Yerləşməsi
38°37′ şm. e. 48°42′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Yaxın şəhər Lənkəran
Hirkan Milli Parkı xəritədə
Hirkan Milli Parkı
Hirkan Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır.[1] Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270S olur.

Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağacvələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır.

Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu,Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Hirkan Milli Parkı hirkan tipli meşələrə xas üçüncü dövrə məxsus qiymətli bitki növlərinin olduğu kimi gələcək nəsillərə çatdırmaq, onun unikal növlərinin və bu tipdə olan meşələrin təbii formada dəyişikliklərinin tədqiq edilməsi baxımından çox önəmlidir. Milli Parkda 450 növ ağac və kol cinslərinin 174-növü mövcuddur ki, onların da 36-sı endemik növlərdir.

Burada əsas meşə əmələ gətirən edifikatorlar: Şərq fıstıqı, Şabalıdyarpaq palıd, Qafqaz vələsi, Şuşa vələsi, Şərq vələsi, dəmirağacı növləridir. Milli Parkın bir hissəsini qarışıq meşələr təşkil edir. Burada 1 km2 ərazidə 35-ə yaxın növdə ağac və kol növlərinə rast gəlmək olur. Onların arasında əsasən şabalıdyarpaq palıd, fıstıq, vələs, dəmirağac, qızılağac, azat ağacı, Qafqaz xurması və s. ağac növləri xüsusi yer tutur ki, bunların da bir çoxu reliktdir. Bu ağacların orta yaşı 120–150 ildir. Meşələrin orta boniteti II–III, orta sıxlığı, 0,57–0,51-dir.

Hirkan tipli qarışıq meşələrdə (500–600 m dəniz səzviyyəsi yüksəklikdə) demək olar ki, dəmirağacı meşə tərkibindən çıxır. Dəmirağac meşələrində əsas kompanentləri şabalıdyarpaq palıd və Qafqaz vələsi növləri təşkil edir (tək-tək və ya qrup halda). Belə meşələrin tərkibinə yalanqoz, ürəkvariyarpaq qızılağac, saqqallı qızılağac, tək-tək qarağac cinsinə aid olan müxtəlif növlər aiddir. Dəmirağac üçün ölü döşənək xarakterik haldır. Bu tipdə meşələr müxtəlif formada olur: palıd-dəmirağac (7p+3d) palıd-vələs-dəmirağac (5p+3v+2d) və ya vələs dəmirağac (6v+4d) və s.

Hirkan Milli Parkının yerləşdiyi ərazi təbii iqliminə görə rütübətli subtropik xüsusiyyətinə malikdir. Bu ərazilər sonuncu buzlaşmaya məruz qalmamışdır. Məhz bu səbəbdən bu ərazi endemik və üçüncü dövrə mənsub olan çoxlu relikt mənşəli bitki örtüyünə malik olan elementlərlə zəngindir. Hirkan Milli Parkı zəngin flora tərkibinə malikdir. Azərbaycanda olan ali bitki növlərinin təqribən 1/3-i Hirkan meşələrində mövcuddur və onların bir qismi endemikdir. Təkcə Milli Parkın ərazisində mövcud olan ağac və kolların 36 növü relikt və endemikdir[2]. Hirkan meşələrinin hər 1000 hektarına 32 bitki növü düşür ki, bu da Qafqazda olan 18 flora əyalətləri üzrə birinci yeri tutur.

Hirkan Milli Parkı

Milli Parkın ərazsində yuxarıda qeyd etdiyimiz bitkilərlə yanaşı müxtəlif lianlar və sarmaşıqlar, üzüm tənəkləri (tək-tək), mərəvçə, Pastuxov daşsarmaşığı, böyürtkan, itburnu kolları və s. bitkilər də vardır ki, bunlar əsasən aşağı qurşaqda, düzən meşələrdə geniş yayılmışdır və keçilməz yaşıl sədlər yaradırlar.

Aşağı dağ və dağətəyi qurşaqlarda dəmirağac meşələrində əsas kompanentlərdən başqa qarışıq halda Qafqaz xurması, ipək akasiyası, Hirkan ənciri, adi göyrüş, heyva, ağyarpaq qovaq, qarağac, Hirkan azatı və su qıraqlarında isə xüsusi ilə söyüd, Qafqaz yemişanı, xırdayarpaq yemişan, əzgil, bəzən də xırda alça kolları, fars böyürtkanı, hündür mərəvçə və s. müxtəlif növlər yer tutur. Hirkan tipli meşələrdə ot bitkiləri zəif inkişaf edir.

Dəniz səviyyəsindən yuxarı 1600 m yüksəkliklərdə qaragilə, nadir halda qaraçöhrə, meşə gilası, dəfnəgilənar, şabalıd (çox nadir) və s. bitkiləri görmək olar.

Milli parkın nüvə hissəsi 2010-cu ilin əvvəllərinədək mövcud olan ərazinin təqribən 40–45%-ni əhatə etmişdir. Praktiki olaraq istifadə olunmayan və əsrlərlə toxunulmamış, indiki günümüzə qədər istifadəsiz formada gəlib çıxmış unikal meşə örtükləri təbii ki, Milli Parkın nüvəsi olan hissəyə aid edilmişdir. Milli Parkın nüvəsi bir sıra tələblərə cavab verməlidir; ərazinin florası heç bir kənar təsirə məruz qalmamalı, fauna növlərinin həyat tərzinə heç bir müdaxilə olunmamalıdır, yalnız tədqiqat və elmi məqsədlərlə, xüsusi icazə olduqda bu ərazilərdə bu və ya digər işlərin aparılmasına yol verilir . Parkın ərazisində nadir olan, həmçinin geniş yayılmış bitkilərin əksəriyyətinin adları Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir. Bunlardan Hirkan şumşadı, Hirkan ənciri, Hirkan armudu, Şabalıdyarpaq palıd, Dəmirağac, Hirkan bigəvəri, Qafqaz xurması, budaqlı danaya, İpək akasiyası, Xəzər lələyi, ürəkyarpaq qızılağac və s. göstərmək olar. Həmçinin, Parkda Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş endemik ot bitkiləri də geniş yayılmışdır. Bunlardan nazikyarpaq anoqramma, Hirkan xincolusu, Radde ayıdöşəyini və s. göstərmək olar. Bu bitkilər meşələrin aşağı yarusunun yaranmasında mühüm rol oynayırlar.

Hirkan Milli Parkında flaminqolar

Hirkan Milli Parkının ərazisində məskunlaşmış fauna növ baxımından çox zəngindir. Burada İran bəbiri, qonur ayı, zolaqlı kaftar, canavar, susamuru, vaşaq, cüyür, çöl donuzu, tirəndaz, çaqqal, porsuq, meşə pişiyi, tülkü və s. növlərə rast gəlinir. Həmçinin, Milli Parkın ərazisində Ussuriya xallı maralı da məskunlaşmış və yerli şəraitə uyğunlaşmışdır.

Hirkan Milli Parkının ərazisində bir sıra endemik quş növləri də məskunlaşmışdır. Onlara böyük talış alabəzək ağacdələn, kiçik talış alabəzək ağacdələn, hirkan arıquşu, talış qırqovulu və s. aiddir. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş çox nadir herpetofauna və entomofauna növləri də burada özünün müxtəlifliyi ilə diqqəti cəlb edir. Milli Parkın ərazisində 117 növdə quş nümünələrinə rast gəlmək mümkündür ki, onların da 68 növü Milli Park ərazisində məskunlaşmış növlərdir.

Milli Parkın ərazisində məməlilər sinfinə aid olan 6 dəstədə 40 növ qeydə alınmışdır: yırtıcılar dəstəsinə aid olan İran bəbiri, ayı, zolaqlı kaftar, canavar, vaşaq, çaqqal, porsuq, meşə pişiyi, tülkü, susamuru, gəlincik, yenot, daşlıq dələsi.

İran bəbiri, vaşaq, meşə pişiyi Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına, zolaqlı kaftar Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına və Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına, susamuru Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına daxil edilmişdir və qanunla qorunur.

Yarasalar dəstəsindən Milli Parkın ərazisində kiçik nalburun Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin siyahısına daxil edilmişdir və qanunla qorunur. EUROBATS konfransına görə bütün yarasa növləri mühafizə olunur.

Hirkan Milli Parkının entomofaunasında 550-yə yaxın həşərat növləri qeydə alınmışdır. Burada məskunlaşmış həşəratlar iki ekoloji qruplara ayrılır; mezofillər və kserofillər. Kserofillərə arılar, otbiçənlər, əqrəblər, bəzi gənələr və hörümçəklər, mezofillərə isə əsasən bitkiyeyən həşəratlar aiddir.

  1. ARB Şəki. "Qoruqlarda nə qorunur?" (az.). Youtube.com. 09.12.2016. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-10.
  2. İctimai TV. "Qafqaz bəbiri, Qonur ayı, cüyürlər və digər Qırmızı Kitaba düşən canlılar" (az.). Youtube.com. 03.09.2023. İstifadə tarixi: 2023-09-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]