Macarıstan illüstrasiyalı salnaməsi (lat. Chronicon Pictum, ing. Illuminated Chronicle, mac. Képes Krónika, digər adları Chronica Hungarorum, Chronicon (Macar dilində) Pictum, Chronica Picta və yaChronica de Gestis Hungarorum) — 14-cü əsrin ikinci yarısından başlayaraq Macarıstan krallığında orta əsrə aid edilən illüstrasiyalı xronika. I Böyük Lyudovikin sarayında kral saraylarının beynəlxalq bədii üslubunu təmsil edir.
Xronika Mark Kalti tərəfindən 1358-ci ildən sonra yazılmışdır, sonuncu illüstrasiyalar 1370–1373-cü illər arasında tamamlanmışdır. I Böyük Lyudov qızı Katarina Çarlesin oğlu Lyudovik Orleans ilə ailə həyatı qurduqda ona hədiyyə etmişdir.[1]
Xronika daha sonra 1456-cı ildə Dorde Brankoviçə təqdim edilmişdir və bu zaman nüsxəsi çıxarılmışdır. Sonralar türklərin istilasından sonra yoxa çıxmışdır.[1]
Xronika 17-ci əsrin ilk yarısında Vyanada kral arxivlərinin arasında tapılmışdır. İllüstrasiyanın bura necə gəlib çıxması haqqında heç bir məlumat yoxdur. Vyanada tapıldığı üçün ona bəzən Vyananın İllüstrasiyalı Xronikası deyə də xitab edirlər. Əlyazma hazırda Budapeştdəki Milli Seçeni Kitabxanasında saxlanılır.[1]
147 illüstrasiyadan ibarət olan xronika 14-cü əsrdə mövcud olan mədəni tarixi və saray həyatı haqqında önəmli məlumatları özündə cəmləşdirir. Xronikaya daxil olan əksər miniatürlərin bəziləri qızıl ilə rənglənmişdir. Eyni dövrdə Qərbi Avropanın digər bölgələrindən olan oxşar miniatürlər ilə müqayisə etsək Macarıstanın İllüstrasiyalı Xronikasındakı miniatürlərin bədii dəyərinin olduqca yüksək olduğunu görərik. Miniatürlərdəki insan fiqurları olduqca dəqiq və insan anatomiyasına uyğun təsvir edilmişdir; məsələn, göz bəbəkləri rənglənmişdir, bunu miniatürə ancaq mikroskopla baxmaqla görmək mümkündür.
Atillanın təsvir olunduğu miniatürlərin əksəriyyəti ya pozulmuş, ya da silinmişdir (xüsusilə Atillanın ölümünü göstərən son miniatür); digər miniatürlərin dövrümüzə qədər qorunub saxlanılmasını nəzərə alaraq bunu zamanla əlaqələndirə bilmərik.