Misir erməniləri (erm. Հայերը Եգիպտոսում) - Misirdə yaşayan erməni icmasına verilən ümumi ad. Misirdə ermənilərin məskunlaşması XVII əsrdən başlamışdır. XIX əsrin ortalarında Misirdə yaşayan erməni icmasının sayı 45 minə qədər yüksəlmişdir. Sosializm, müharibələr və dini-etnik zəmində mübarizələr səbəbindən burada yaşayan ermənilərin sayı 1970-ci illərdən etibarən sürətlə azalmağa başlamışdır. Hal-hazırda Misirdə 5 minə yaxın erməni yaşayır. Burada onlar üçün 6 kilsə, 3 məktəb və 2 qəzet fəaliyyət göstərir.
Misirdə ermənilərin nə zamandan məskunlaşması barədə dəqiq məlumatlar yoxdur. Osmanlı İmperiyasının XVI əsrdə Misiri fəth etməsindən sonra bir neçə yüz erməni Misirə köç etmişdir. Tarixçi Simon Lexatsinin fikirlərinə əsasən 1615-ci ildə Qahirə şəhərində 100 erməni ailəsi yaşayırdı. Ermənilərin Qahirədə yaşadıqları məhəllədə Erməni Qriqoryan Kilsəsinə məxsus bir kilsə fəaliyyət göstərirdi. XVIII əsrdə Misirin ticari əhəmiyyəti sürətlə artmağa başladı. Avropadan gələn tacirlər, burada erməni, rum və suriyalı sənətkarların xidmətlərindən istifadə edir və onlarla ticarət əlaqələri yaradırdılar. 1790-cı ildə ermənilərlər İsgəndəriyyə şəhərində məskunlaşmağa başlayırlar. 1792-ci ildə şəhərdə Erməni Qriqoryan Kilsəsinə məxsus ilk kilsə açılır. Napoleon Bonapartın Misir üzərinə hücum etməsi, burada yaşayan ermənilərin maddi vəziyyətini cətinləşdirmişdir. Bir sıra mənbələrdə, ermənilərin Napoleon Bonapartın əsgələrinə qarşı döyüşdüyü göstərilmişdir. Əslən erməni olan və sonradan Napoleon Bonapartın ən yaxın adamlarından birinə çevrilmiş Rüstəm Razanın Misir erməni olduğu barədə bəzi iddialar vardır. Ancaq əslində Rüstəm Raza Tiflis şəhərində anadan olmuş, uşaq yaşlarında oğurlanaraq, Misirə qul kimi gətirilmişdir. Rüstəm Razanı Napoleon Bonaparta varlı bir Misir taciri bağışlamışdır.
Məhəmməd Əli Paşanın 1805-ci ildə Osmanlı İmperiyası tərəfindən Misirə vali təyin olunması, burada yaşayan ermənilərin xeyrinə olmuşdur. XIX əsrin əvvələrində Misirə ikinci böyük erməni köçü başlamışdır. Məhəmməd Əli Paşanın əmri ilə ermənilər üçün xüsusi məhəllə inşa olunur. 1825-ci ildə Qüds Erməni Patrikxanası Misir erməni ruhani komitəsini yaradır. 1828-ci ildə Qahirədə ilk erməni məktəbi açılır. Məktəbin açılmasının ardından, xəstəxana və qonaq evinin inşasına başlanılır. Qonaq evində, yalnız erməni tacirlərin qalmasına icazə verilirdi. Burada əsasən Türkiyə, İran və Hindistana gedən erməni tacirlər qalırdılar.
XIX əsrin ortalarında ermənilər Misirdə bir çox sahədə fəaliyyət göstərirdi. Əsasən ticarət sahəsində aktiv olan erməni tacirlər, Osmanlı imperiyası ilə Rusiya imperiyası arasında 1828-ci il müharibəsindən məharətlə istifadə etmiş və hər iki tərəfə müxtəlif məmulatlar idxal etmişdilər. Ticarət sahəsində uğur əldə edən ermənilər bəzi dövlət idarələrindədə çalışmağa başlayırlar. Misir valisi məhəmməd Əli Paşanın ilk baş sərrafı Yeğiyazar Bedrosyan olmuşdur. 1818 - 1847-ci illərdə isə bu vəzifəni Aleksandr Minasyan icra etmişdir. 1837-ci ildə Qahirə şəhərində Misirin ilk bankı yaradılır. Bankın yaradılmasında erməni tacirlərinin müəyyən qədər rolu olmuşdur. Bank 1841-ci ilə qədər fəaliyyət göstərmişdir.
Nübar Paşa, Qarabat Kalust Ağa və Avraam Pardok kimi tacirlər, Misirdə yaşayan ən varlı ermənilərdən hesab olunurdu. Onların əsasən geniş torpaq sahələri olmuşdur. 1915-ci il hadisələrindən sonra, Misirə 20 minə yaxın erməni gəlmişdir. Bununla da Misirdə yaşayan ermənilərin sayı, xeyli artmışdır. Misirdə azadlıq uğurunda başlayan mübarizədə ermənilər, gözlənilməz şəkildə ingilislərin tərəfini tuturlar. 1926 - 1927-ci illərdə Misirdə 25 - 28 min, 1947 - 1950-ci illərdə isə 40 minə yaxın erməni yaşayırdı. XX əsrin ortalarında ermənilər ən çox Qahirə və İsgəndəriyyə şəhərlərində yaşayırdı.
1950-ci ildə ölkədə aparılan siyasətə əsasən, dövlət işlərində və digər mühüm vəzifələrdə çalışan digər millətlər vəzifələrindən kənarlaşdırılırdı. Bununla da onlarla erməni dövlət orqanlarından xaric edilmiş, 1960-ci ildə Misirdə yüksək vəzifədə çalışan bir nəfər belə erməni qalmamışdır. 1947 - 1948-ci illərdə Ermənistan Sovet Sosialist Respublikası Misirdə və digər ölkələrdə yaşayan ermənilərə vətənlərinə qayıtmağa çağırmışdır. Bu çağırış nəticəsində Misirdə yaşayan 4 min erməni, Ermənistan Sovet Sosialist Respublikasına köçür. XX əsrin ortaları Misirdə ermənilərin ən çox yaşadığı dövr hesab olunur. Bu dövrdə Misirdə 45 minə yaxın erməni yaşayırdı. 1952-ci ildə Kral Fərruxa qarşı başlanan üsyandan sonra, ermənilərin Misirə köçü dayanır və proses əksinə işləməyə başlayır.
Camal Əbdül Nasirin sosializm hərəkatı nəticəsində Misirdə yaşayan ermənilərin böyük bir qismi ABŞ, Kanada, Argentina və Avstraliyaya köçməli olur. Erməni Qriqoryan Kilsəsinə aid bir sıra torpaqlar müsadirə olunur, erməni sahibkarlarının dükkanları bağlanılır və ya sosializm adı ilə milliləşdirilir. 1956-cı ildə Misir və İsrail arasında müharibənin başlaması burada yaşayan erməni sayının 16 mindən 12 minə düşməsinə səbəb olmuşdur. Ənvər Sadatın dövründə etnik azınlıqlardan alınan mülklərin qeri-qaytarılması barədə müzakirələr aparılsada nəticə əldə olunmur. 1980-cı illərdə müsəlmanlar və qibtilər arasında dini zəmində mübarizə başlayır.
Həmin mübarizədə ermənilər fəal iştirak etməsdə, qibtiləri müdafiə edirlər. Misirdə daxili vəziyyətin gərginləşməsi, burada yaşayan erməni əhalisinin köçünü sürətləndirir. 1974-cü ildə Misirdə ermənilərin sayı 10 min nəfərə düşür. 2003-cü ildə Misirdə yaşayan ermənilərin sayı 6 minə, 2011-ci ildə isə 5 minə qədər geriləyir. Misirdə yaşayan erməni icması əsasən ABŞ, Suriya, Türkiyə və İran kimi ölkələrə köçürlər. Hal-hazırda Misirdə yaşayan erməni icmasının sayı 5 minə yaxındır. Burada onlar üçün 6 kilsə, 3 məktəb və 2 qəzet fəaliyyət göstərir.
Misirdə müxtəlif dövrlərdə bir çox erməni dilli qəzet və jurnal nəşr olunmuşdur. Maliyyə sıxıntısı və siyasi təziqlər nəticəsində, nəşr olunan qəzet və jurnalların bir çoxu qısa ömürlü olmuşdur. 1865 - 1980-cı illər arasında Qahirə şəhərində 83, İsgəndəriyyə şəhərində isə 38 qəzet və jurnal nəşr olunmuşdur. Misirdə erməni icması üçün bu gün 3 qəzet fəaliyyət göstərir. Bunlardan biri 1913-cü ildən bəri nəşr olunan və Daşnaksütun təşkilatının orqanı hesab sayılan Housaper qəzetidir. Digər bir önəmli qəzet isə 1915-ci ildən nəşr olunan və Armenakan təşkilatın orqanı olan Arev qəzetidir. Hər iki qəzet erməni dilində az sayda tirajla nəşr olunur. Misirdə erməni icması tərəfindən nəşr olunmuş bəzi qəzet və jurnallar bunlardır:
Adı | Azərbaycan dilində adı | Nəşr olunduğu il | Nəşr oluduğu şəhər | Tipi |
---|---|---|---|---|
Armaveni | Xurma ağacı | 1865 | Qahirə | Jurnal |
Neğos | Su kanalı | 1889 | İsgəndəriyyə | Qəzet |
Azad Pem | Sərbəst kürsü | 1903 və 1905 | İsgəndəriyyə | Qəzet |
Şirak | Şirak | 1905 | İsgəndəriyyə və Qahirə | Jurnal |
Avel | Süpürgə | 1908 | Qahirə və İstanbul | Qəzet |
Minutyun | Cəmiyyət | 1912 | Qahirə və Paris | Qəzet |
Housaper | Ümüd verici | 1915 | Qahirə | Qəzet |
Arev | Günəş | 1915 | İsgəndəriyyə və Qahirə | Qəzet |
Savarnak | Təyyarə | 1919 | Qahirə | Qəzet |
Haykakan Film | Erməni kinosu | 1925 | Qahirə | Jurnal |
Araks | Araz | 1925 | İsgəndəriyyə | Jurnal |