Suriyadakı ermənilər və ya Suriya erməniləri ( erm. Հայերը Սիրիայում, ərəb. أرمن سوريا - Suriyada yaşayan erməni əsilli şəxslərə verilən ümumi ad.
Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlayana qədər 100 minə yaxın erməni yaşayır ki, onlardan 60 mini Hələbdə, 8 mini Əl Qamışlıda, 6-7 mini Dəməşqdə yaşayır[1].
Suriyanın müasir erməni icması 1915-1920-ci illərdə Osmanlı Türkiyəsində ermənilərin kütləvi deportasiyası nəticəsində formalaşmışdır. 1918-ci ildə Suriya ermənilərinin sayı 142.000 nəfər idi ki, onlardan 60.000-i Hələbdə idi. Sonralar Suriya ermənilərinin bir hissəsi tədricən Livana, Avropa ölkələrinə, Kanadaya, ABŞ-yə və Ermənistana (1946-1948-ci illərdə və 1964-1966-cı illərdə) mühacirət etmişlər[1].
2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi səbəbindən bir çox erməni Suriyanı tərk etmək məcburiyyətində qalıb. 2014-cü ilin yanvar ayına olan məlumata görə, Ermənistanda Suriyadan olan 11 min erməni qaçqın yaşayırdı [2]. Onların bir hissəsi Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölk=gəsində məskunlaşdırıldı. Suriyadan gətirilən qaçqınlara dərhal Ermənistan vətəndaşlığı təklif edildiyi də bildirilir.[3] 2015-ci ilin sonuna qədər Suriyada münaqişə başlayandan Ermənistana köçən ermənilərin sayı 30 min nəfərə yaxın hesab edilirdi ki, onların da çoxu daha sonra Ermənistanı tərk edərək başqa ölkələrə, əsasən ABŞ və Kanadaya qaçqın kimi gedib. Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, 2015-ci ilin sonuna kimi Suriyada 20 minə yaxın erməni qalır.
IV-V əsrlərdə bir çox gənc ermənilər Suriya şəhərlərində təhsil alırdılar. Suriyada ermənilərin sayı xüsusilə IX-XI əsrlərdə Bizans imperatorlarının erməniləri Şimali Suriyaya köçürmək siyasəti, habelə Pakraduni Erməni çarlığının süqutu (1045), Səlcuqluların basqınları və daha sonra Kilikiya erməni krallığının süqutu (1375) ilə əlaqədar olaraq artmışdır. Ermənilər Dəməşq, Payas, İsgəndərunda, Hələbdə məskunlaşdılar. Antakya hökmdarlarının əksəriyyəti ermənilər idi. Suriya erməni tacirlərinin Avropa ticarət mərkəzləri ilə sıx əlaqələri var idi. Erməni zərgərlərinin, boyaqçıların, ipəkçilərin, sənətkarlıq ustalarının mallarına yüksək tələbat var idi. Orta əsr Suriyada erməni icmalarında incəsənət də çiçəklənirdi. Onlar tərəfindən bir çox İncil, mahnı kitabı və tibb kitabları tərtib edilmiş, kopyalanmış və təsvir edilmişdir[4].
XVI əsrdə Suriyada türk hakimiyyəti qurulduqdan sonra yerli erməni icmaları üçün əlverişsiz şərait yarandı. Birinci Dünya müharibəsində Osmanlıya qarşı döyüşən Fransa ermənilərdən istifadə etmək qərarına gəlir. Bunun üçün 1916-cı ildə Fransa Erməni Legionu qurulur, onun tərkibində Suriya erməniləri də iştirak edirdilər.[4]
Ermənilərin Suriyaya növbəti kütləvi köçürülməsi Osmanlı İmperiyasından ermənilərin kütləvi deportasiyası zamanı baş verib. Suriyadakı müasir erməni icması 1920-ci illərin əvvəllərində Qərbi Ermənistan və Kilikiyadan olan erməni qaçqınlardan formalaşmışdır[4].
20-ci əsrin ortalarından etibarən Yaxın Şərqdə davam edən siyasi qeyri-sabitlik səbəbindən Suriya ermənilərinin Avropa ölkələrinə mühacirət etməsinə baxmayaraq, vətəndaş müharibəsinin başlanmasına qədər xeyli sayda erməni hələ də Suriyada, xüsusilə Hələbdə, həmçinin Dəməşq, Homs, Latakiya, Kessab, Qamışlı, Tartus, Deyr-əz-Zor, Ras əl-Ayn və digər yaşayış məntəqələrində yaşayırdı. Erməni icmasının öz kilsələri, milli məktəbləri, qəzet və jurnalları, mətbəələri, gənclər, mədəniyyət, xeyriyyə və idman mərkəzləri, soydaş birlikləri var. Suriya ermənilərinin mühüm mədəniyyət mərkəzləri Saryan Akademiyası, “Petros Adamyan” truppası, “Hay knar” və “Zvartnots” xor qruplarıdır var[4].
Suriyada Erməni Apostol Kilsəsinin iki yeparxiyası var: Beriya (Hələb) və Dəməşq. Erməni katolik və erməni yevangelist kilsələrinin kilsələri də mövcuddur[4].
Suriya erməniləri Ermənistan siyasətində də xüsusi rol oynayıblar. Sabiq prezident Levon Ter-Petrosyan və sabiq xarici işlər naziri Vardan Oskanyan Suriya erməniləridir.[3]
Suriyanın Hələb şəhərində erməni dilində “Qandzasar” həftəlik qəzeti nəşr olunur.[5]