Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Leylatəpə mədəniyyəti — Eneolitin son mərhələsinə aid olub, e.ə. IV minilliyin ortalarına qədər davam edib. Bu mədəniyyətin aşkar olunması ilk tunc dövrü Kür-Araz mədəniyyətinin formalaşmasında Azərbaycanın iştirakını təkzib edən fikirləri alt-üst etdi. Əsas abidələri Leylatəpə, Keçili təpəsidir. Rus təpəsi abidəsinin bir təbəqəsində də bu mədəniyyətin izlərinə rast gəlinir.
Mədəniyyətə daxil olan Leylatəpə abidəsi Ağdam rayonunda yerləşir. Bu abidənin tikililəri dördbucaqlı formadadır. Onlar çiy kərpicdən tikilərək hər iki tərəfdən suvanıb. Abidədən 12 dulus sobası aşkarlanıb və bu formada sobalara Qafqazın heç bir analoji dövr abidələrində rast gəlinmir. Aşkar edilən məmulatlar əsasən təmiz və ya bitki qatışıqlı olub kobud şəkildə istehsal olunmuşdur. Leylatəpə abidəsinin ən maraqlı tapıntıları buradan aşkar olunan 4 gil qabda dəfn olunmuş uşaq qəbirləridir.
Leylatəpə mədəniyyətinə aid olan digər abidə Keçili təpəsi abidəsidir. Abidə Şəmkir rayonunun Keçili kəndindən şimalda yerləşir. Abidənin sahəsi 1 hektara yaxındır. Abidədən aşkar edilən tikililərin hamısı dördbucaqlı şəkildədir. Aşkarlanmış saxsı məmulatının içərisində ən maraqlıları daranmış naxışlı qablardır. Abidə İdeal Nərimanov tərəfindən aşkarlanıb. Keçili təpəsi abidəsindən aşkar olunan materialların xronoloji müqayiəsi, eyni zamanda burada qeydə alınan yastı oturacaqlı gil qablar bu yaşayış yerinin Eneolitin son mərhələsinə aid olduğunu sübut edir.
Leylatəpə mədəniyyətinə xas olan növbəti abidə Böyük Kəsik abidəsidir. Abidə 2004-cü ildə BTC boru kəmərinin çəkilişi zamanı aparılan qazıntı işləri zamanı Ağstafa rayonu ərazisində tapılıb. Abidədə düzbucaqlı formada tikili qalıqları ilə yanaşı uşaqlara məxsus gil qablarda dəfnetmə faktlarına da rast gəlinib. Böyük Kəsik abidəsi ilk dəfə arxeoloq Nəcəf Müseyibli tərəfindən tədqiq olunub.
Leylatəpə mədəniyyətinə şamil edilən Selaxan yaşayış yerində aşkar olunan keramika məmulatı bütün göstəriciləri ilə I Böyük Kəsik yaşayış yerinin və bu mədəniyyətə aid digər abidələrin keramikası ilə eyniyyət təşkil edir. Tapılan nümunələr qırmızı, qonur, az hallarda çəhrayı, tünd-boz və qara rənglidir. Tədqiqatçılar, Leylatəpə mədəniyyətinin digər abidələrində olduğu kimi, Selaxan yaşayış məskənində də aşkar edilmiş keramika məmulatını tərkibinə görə bitki qatışıqlı, təmiz tərkibli, qeyri-üzvi qatışıqlı, bitki və qeyri-üzvi qatışıqlı olmaqla dörd qrupa bölürlər. İlk iki qrup «keyfiyyətli keramika», üçüncüsü isə «kobud keramika» kateqoriyasına aid edilir. Nəcəf Müseyiblinin sözlərinə görə, keramika məmulatının əsas xüsusiyyətləri bu abidələrin və bütövlükdə Leylatəpə mədəniyyətinin bir tərəfdən Ön Asiya, digər tərəfdən isə Şimali Qafqazın Maykop mədəniyyəti ilə bağlı olduğunu sübut edir: “Saxsı qabların tipoloji olaraq ən yaxın paralelləri Şərqi Anadolu-Şimali Mesopotamiya bölgələrindəki Arslantəpə, Təpə Qavra, Tell Xəznə və digər abidələrdən məlumdur. Maykop mədəniyyətinin erkən mərhələsinə aid əksər abidələrdən belə qablar, o cümlədən üzərində “dulusçu işarələri” olan məmulatlar aşkar edilmişdir”. Son araşdırmalar Leylatəpə arxeoloji mədəniyyətinin, əvvəllər güman olunduğu kimi, Ubeyd və ya Uruk abidələri ilə bağlı olmadığını sübut edir. Leylatəpə mədəniyyətinə aid abidələrin tədqiqi bu mədəniyyətin mənşə etibarilə Uruk mədəniyyətinin Şimali Mesopotamiya və Şərqi Anadoluya yayılmasına qədərki post-ubeyd dövrü son xalkolit mədəniyyəti daşıyıcılarının həmin bölgələrdən Cənubi Qafqaza miqrasiyası nəticəsində meydana çıxdığını və Şimali Qafqazda Maykop mədəniyyətinin yaranması üçün bir mənbə olduğunu təsdiq edir.
Bu mədəniyyətə aid aşkar olunan küplər bir qayda olaraq «keyfiyyətli keramika» kateqoriyasına aiddir. Bu tip qablara aid ağız kənarları və gövdə fraqmentləri aşkar edilib. Bütün ağız kənarlarına aid hissələrdə dulus çarxında fırlanmanın izləri müşahidə olunur. Küplər qırmızı, qonur, az hallarda isə çəhrayı rənglidirlər. Ağız kənarları qıfşəkillidir. Küpələr isə əsasən iri ölçülüdür. Onların gili bitki qatışıqlıdır. Keyfiyyətli bişirilmiş bu qabların səthinə açıq-yaşıl rəngli anqob (naxış növü) çəkilmişdir. Dulus çarxında formalaşdırılmış bu küpələrin enli ağız kənarı qıfşəkilli sonluğu isə xaricdən azacıq qabarıqdır.
«Kobud keramika» kateqoriyasına aid küpələrin ağız kənarı düzdür. Onlar əsasən tünd-qonur rənglidir. Bir ədəd tünd-boz rəngli küpənin köbəli ağız kənarı fraqmenti tapılmışdır.
Xeyrələr daha çox «keyfiyyətli keramika» kateqoriyasına aiddir. Az hallarda «kobud keramika» kateqoriyasına aid xeyrələrə də rast gəlinir. Bu tip qabların ağız kənarı əsasən xaricdən qabarıqdır. Bəzən ağız kənarını daxildən zəif çıxıntı əhatələyir.
Nəcəf Müseyibli qeyd edir ki, qazıntılar zamanı hər hansı bir qabın oturacaq hissəsi aşkar edilməmişdir. Belə ki, Leylatəpə mədəniyyətinə aid digər abidələrdə olduğu kimi, Selaxan yaşayış yerindən aşkar edilmiş saxsı qablar da yuvarlaq altlıqlı olmuşlar. Bu mədəniyyətə aid yastı və ya dabanlı oturacaqlı qablara təsadüfi hallarda rast gəlinir: “Keramika məmulatı içərisində bir neçə ədəd diskşəkilli əşyaları da qeyd etmək lazımdır. Onların hamısı fraqment halında aşkar edilmişdir. Əsasən bitki qatışıqlı gildən hazırlanmış qabların divar fraqmentlərindən düzəldilmiş disklərin ortasından ikitərəfli deşik açılmışdır. Az hallarda bitki qatışığı olmayan diskşəkilli əşyalara da rast gəlinir. Onların diametri 5-6 santimetrdir. Bir ədəd diskşəkilli əşya qab fraqmentindən deyil, çiy gildən formalaşdırılmış, sonra isə bişirilmişdir”.
Ümumiyyətlə, Azərbaycanın qərb bölgəsində Leylatəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar olunması ilk növbədə bu mədəniyyətin Son Eneolit dövründə - e.ə. IV minilliyin I yarısında daha geniş arealda və intensiv şəkildə yayıldığını göstərir. Həm qazıntıların, həm də ilkin kəşfiyyat işlərinin aparıldığı abidələrin tapıntıları Leylatəpə mədəniyyətinin daha ətraflı araşdırılması üçün zəngin materiallar vermişdir. Müəyyən edilmişdir ki, Leylatəpə mədəniyyəti yaşayış məskənlərinin başlıca xüsusiyyətlərindən biri onların lokal qruplar halında yerləşməsidir.[1]