Üzərliktəpə — Azərbaycanın Ağdam rayonunun Ağdam şəhəri ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Ağdam şəhərinin yaxınlığında yerləşir. Üzərliktəpə təxminən eradan əvvəl II minilliyin sonunda cəmi 3,5 m hündürlüyündə olmuşdur. Üzərliktəpə yaşayış yeri ilk şəhər mədəniyyətini özündə əks etdirən nadir abidələrdəndir.
Üzərliktəpə | |
---|---|
39°59′01″ şm. e. 46°55′43″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Xındırıstan kəndi |
Aidiyyatı | Orta Tunc dövrü |
Sahəsi | 3 ha |
Vəziyyəti | naməlum |
|
Üzərliktəpəni Ağdamdan Ağcabədiyə gedən indiki şose yolu qismən dağıtmışdır. Təpənin qərb hissəsi hazırda qəbiristanlığa çevrilmişdir.
Hələ 1954-cü ildə bu təpə bir çox Azərbaycan və rus alimlərinin diqqətini cəlb etmişdi. Ən maraqlısı o idi ki, bu təpə heç də kurqanlar kimi süni sürətdə yaradılmamışdır. Yəni o, təbii təpədir. Digər tərəfdən yol çəkənlər tərəfindən bu təbii təpənin dağıdılmış hissəsində 3–4 min il bundan əvvələ aid xeyli maddi mədəniyyət qalıqları toplanmışdır. Əlbəttə, alimləri ən çox düşündürən də bu tapıntı təpənin orta qatına necə düşməsi, təpədə daha nə kimi qalıqların mövcud olması, bir sözlə bu sirli təpənin taleyi idi. Alimlər arasında mübahisə edənlər də vardı. Bəziləri onun ən qədim zamanlardan qəbiristanlıq olduğunu iddia edir, başqaları isə təpənin yaşayış yeri olduğunu söyləyirdilər.[1]
Bütün bu mübahisələrə son qoymaq üçün Sankt-Peterburqlu alim A. A. Gessen təpədə qazıntı işləri aparmağı məqsədəuyğun hesab etdi. Qazıntı işinə zərurət doğuran səbəblərdən biri də o idi ki, ümumiyyətlə 1950-ci illərə kimi Qarabağda Tunc dövrünə aid yaşayış yerləri tədqiq edilməmişdi. Ona görə də Qarabağın 3–4 min il bundan əvvəlki sakinlərinin yaşayış yerlərinin xarakterini, onların məişətini, evlərinin quruluşunu, tikinti materiallarının növünü və s. öyrənmək üçün belə abidələrin tədqiqinin böyük əhəmiyyəti vardı. Yalnız yaşayış yerləri əhalinin maddi və mənəvi həyat səviyyəsini öyrənməyə kömək edə bilərdi.[1]
Mil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji qazıntılar 484 m2 sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir.[2]
Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur. İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə suvanmışdır. Binanın dam örtüyü ağac qabıqları ilə, torpaq döşəməsi isə həsirlə örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılmış ocağın içərisində gil soba qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal ərintisi olduğu müəyyən edilmişdir. Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə edilmişdir. Bu ev K. X. Kuşnareva tərəfindən "tökməçi evi" kimi xarkterizə edilmişdir. Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla 2 qrupa bölünmüşdür. Keramika məmulatı boz və ya qara rəngdə bişirilmişdir. Məişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma ornamentlərlə naxışlanmışdır.[2]
Ocaq qalıqları, təsərrüfat quyuları və arxeoloji materialların zənginliyi ilə seçilən orta təbəqənin qalınlığı 1,5 m-dir. Bu təbəqədə bütün yaşayış yerini çevrələyən möhtəşəm müdafiə divarının qalıqları aşkar edilmişdir. Çiy kərpicdən hörülən müdafiə divarının uzunluğu 35 m, eni 3 m, hündürlüyü 1 m-dir. Onun giriş qapılarından biri kontrforslarla möhkəmləndirilmişdir. Torpaq döşəməli və ağac örtüklü evlərin qalıqları müdafiə divarının içəri tərəfində aşkar olunmuşdur. Bu dövrdə yaşayış yeri iki dəfə güclü yanğına məruz qalmışdır. Evlərin dağılması və mədəni təbəqənin yığılması nəticəsində müdafiə divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir.[2]
Üçüncü tikinti dövrü müdafiə divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir. İkinci və üçüncü təbəqənin keramikası K. X. Kuşnaryeva tərəfindən vahid kompleks kimi qəbul edilmişdir. Bu dövrdə gil məmulatının hazırlanmasında xeyli irəliləyiş olmuşdur. Alt təbəqədə istifadə olunan cızma ornament daha mükəmməl ornamentlə əvəz olunmuşdur. Bu dövrdə Üzərliktəpənin qara rəngli keramikasından tamamilə fərqlənən boyalı qablar meydana çıxır. K. X. Kuşnaryeva boyalı qabların meydana gəlməsini dulusçuluğun inkişafında yaranan tərəqqi ilə bağlayır.[2]
Üzərliktəpənin qara cilalı keramikasından fərqlənən monoxrom boyalı qablar, fikrimizcə, başqa bir mədəniyyətin təsirini əks etdirir və bu haqda aşağıda daha ətraflı məlumat veriləcəkdir. Hazırda isə söyləmək olar ki, bu mədəniyyət Naxçıvan-Urmiya hövzəsi boyalı qablarının şimala doğru irəliləməsinin sübutu olaraq qəbul edilə bilər. Üzərliktəpənin gil məmulatı içərisində boyalı qabların olduqca az (2%) olması bunu bir daha təsdiq edir. Mil-Qarabağ düzünün digər yaşayış yerləri kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. Onlar arasında Rəsultəpə, Çinartəpə, Toxmaxtəpə, Ağtəpə və digər abidələr vardır. H. F. Cəfərov bu abidərdən aşkar olunan keramika məmulatını üç qrupa ayırmışdır. Bu yaşayış yerlərinin kompleksində qara cilalı basma naxışlı və boyalı keramika məmulatı vardır. Qaraköpəktəpədən aşkar olunmuş arxeoloji materialların əksəriyyəti gil məmulatından ibarətdir. Onların çoxu boz və qara cilalı, ştamp naxışlı qablarla təmsil olunmuşdur. Bu təbəqədə aşkar olunan boyalı qablar sayca olduqca azdır. Q. S. İsmayılovun fikrincə, bu vəziyyət Quruçay və Köndələnçay vadisinin digər Orta Tunc dövrü abidələri üçün də xarakterikdir.[2]
1954-cü ildə Üzərliktəpədə arxeoloji qazıntı işlərinə başlandı. Qazıntılar nəticəsində məlum oldu ki, hazırda yüksəkliyi 6–7 m olan Üzərliktəpə təxminən eradan əvvəl II minilliyin sonunda cəmi 3,5 m hündürlüyündə olmuşdur. Həmin dövrdə Üzərliktəpənin üstündə yerli sakinlər yaşayış məskəni salmışdılar. Maraqlıdır ki, bütün Azərbaycanda olduğu kimi Qarabağın qədim sakinləri də qəbilə dövründə özlərinə yaşayış məskənləri seçərkən əsasən hündür təpələrdən istifadə etmişlər. Bu da yalnız hərbi məqsəd güdmüşdür. Olduqca sərt üsullarla döyüşən qəbilə müharibələri dövründə təpə sakinləri, kənardan gələn düşmən qüvvələrini daha tez görür və təcili müdafiə tədbirləri hazırlaya bilirdilər. Digər tərəfdən isə yığcam əraziyə malik olan təpənin ətrafında dərin xəndək qazılırdı. Bu xəndəklər təhlükə zamanı səngər rolunu oynayırdı. Bəzən isə həmin xəndəyi su ilə dolduraraq təpəni bir növ adaya çevirirdilər. Üzərliktəpə də məhz belə möhkəmləndirilmiş, yəni ətrafına qala divarı çəkilmiş yaşayış yerlərindən biri olmuşdur. Əslində ibtidai icma dövrünün dağıldığı və mülkü bərabərsizliyin meydana gəldiyi dövrə təsadüf edən Üzərliktəpə yaşayış yeri ilk şəhər mədəniyyətini özündə əks etdirən nadir abidələrdən idi.[1]
Qazıntılar nəticəsində məlum olmuşdur ki, Üzərliktəpə uzun əsrlər boyu yaşayış yeri olmuş və həmin yaşayış nəticəsində təpədə üç metr qalınlığında mədəni təbəqə əmələ gəlmişdir. Mədəni təbəqənin arxeoloji cəhətdən izlənilməsi nəticəsində müəyyən edilmişdir ki, burada yaşayış arası kəsilmədən təxminən iki min il davam etmişdir.[1]
Üzərliktəpənin qazıntıları zamanı diqqəti cəlb edən əsas yadigarlardan biri böyük həcmli çiy kərpicdən çəkilmiş divar qalıqları idi. Mə'lum olmuşdur ki, bu divar təpənin üst hissəsini dairəvi surətdə əhatə etmişdir. Alimlər haqlı olaraq bu divarın müdafiə qalası olduğunu qət etmişdilər. Beləliklə, Üzərliktəpənin sakinləri, görünür, düşmən hücumlarından müdafiə olunmaq üçün e'tibarlı hərəkət edərək hər cür tədbir görmüşdülər. Həmin qala divarının içərisində yarımqazma yaşayış evlərinin qalıqları, ocaq yerləri, müxtəlif məqsədlə istifadə edilmiş xəndəklər, əkinçilik alətləri, gil qablar və gildən düzəldilmiş qadın bütləri aşkar edilmişdir. Üzərliktəpədə yaşayış evləri əsasən, çiy kərpicdən tikilmişdir. Evlərin döşəməsi gil ilə hamar suvanmışdır. Hər evdə gil badlardan düzəldilmiş ocaq yerləri vardır. Bundan əlavə, yaşayış evlərinin içərisində, bə'zən isə həyətdə, çoxlu çuxurlar düzəldilmişdir. Tədqiqatçıların fikrincə müxtəlif həcmdə olan bu çuxurlar isə əksər hallarda ərzaq saxlamaq üçün, az-az hallarda isə zibilxana üçün düzəldilmişdir.[1]
Üzərliktəpədən Qarabağın qədim sakinlərinin əkinçilik mədəniyyətini özündə əks etdirən bir sıra qalıqlar aşkar edilmişdir. Çuxurların və ev döşəmələrinin bir çoxundan, həmçinin gil qabların içərisindən buğda və arpa qalıqları aşkar edilmişdir. Laboratoriya analizindən sonra mə'lum olmuşdur ki, həmin buğda qalıqları 4–5 min il bundan əvvəl mədəni əkin nəticəsində yetişdirilmişdir. Bundan əlavə mə'lum olmuşdur ki, əksər hallarda buğda ilə arpa bir yerdə əkilirmiş. Əkilmiş taxılın biçilməsində istifadə olunmuş əmək alətinin daş oraqların tapılması da bunu sübut etmişdir. Daş oraq, xırda çaxmaq daşlarını bərabər ölçüdə kəsib, iri buynuzlu heyvanın çənə sümüyünə sıra ilə bərkidilmək yolu ilə düzəldilmişdir. Orağın dişləri hesab edilən daş parçalarının bir tərəfi daşı-daşa vurmaq yolu ilə dişənmişdir. Yeri gəlmişkən qeyd edək ki, Üzərliktəpə sakinlərinin həyatında daş alətlər əsas yer tutmuşdur. Belə ki, burada daşdan düzəldilmiş ox ucları, daş bıçaqlar, çoxlu həvəng dəstələri, kirkirə daşları aşkar edilmişdir. Bundan əlavə daşdan toppuz başları, tərəzi daşları, bəzək və ya dini əşya rolu oynayan döş asmaları və s. düzəldilmişdir ki, bütün bunlar 3–4 min il bundan əvvəl hələ də yerli əhalinin həyatında daş alətlərin üstün rol oynadığını göstərir. Üzərliktəpəlilər yeri də daş toxalar vasitəsilə şumlamışdılar. Bunun üçün onlar bərk cinsli daşın bir hissəsini götürərək onun bir ucunu nazikləşdirmiş və bir növ itiləmişdilər. Daşın dişər tərəfi isə ağaca bağlamaq üçün yararlı hala salınmışdır. Belə toxalar Ağdam yaxınlığındakı, digər yaşayış yeri olan Rəsultəpədən də tapılmışdır.[1]
Böyük maraq doğuran tapıntılardan biri də üzüm çərdəklərinin qalığı olmuşdur ki, bu da həmin zonada bağçılığın qədim tarixə malik olduğunu sübut edir. Qədim sakinlərin məişətində sümük alətlərin də rolu az olmamışdır. Onlar sümükdən əsasən, toxuculuq alətləri və tikiş üçün iynələr hazırlamışdılar. Eyni əşyalar mislə qalayın qarışdırılması vasitəsilə düzəldilən tunc metaldan da hazırlanmışdır. Əldə olunmuş silahlar, bıçaqlar və s. də tuncdandır. Yeri gəlmişkən qeyd edək ki, Üzərliktəpədə aparılan qazıntılar nəticəsində məlum olmuşdur ki, Qarabağın qədim sakinləri bərk metalın, yəni tuncun sirrinə 4,5 min il bundan əvvəl, dəmir istehsalının sirrinə isə 3 min il bundan əvvəl bələd olmuşdular.[1]
Haqqında danışdığımız abidə sakinlərinin həyatında əkinçiliklə yanaşı maldarlıq də əsas yer tutmuşdur. Maldarlıq və onun növləri haqqında təsəvvürü həmin abidədən tapılmış çoxlu heyvan sümükləri yaradır.[1] Alimlərimiz tərəfindən aparılmış laboratoriya analizləri nəticəsində Üzərliktəpədən aşkar edilmiş heyvan sümüklərinin mənsubiyyəti tam aydınlaşmışdır. Buradan təkcə bir ilin qazıntısı nəticəsində 464 hissə öküz sümüyü, 285 hissə qoyun-keçi sümüyü, 40 hissə at sümüyü, 104 hissə donuz sümüyü və 6 hissə it sümüyü aşkar edilmişdir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Üzərliktəpə sakinləri maldarlığın mövsümi köçərilik formasından istifadə 15 etmişdilər. Yə'ni onlar heyvanları otlaqlarla tə'min etmək məqsədilə yayda dağlara, qışda isə arana köçməklə heyvandarlığı inkişaf etdirmişdilər.[1]
Buradan aşkar edilmiş digər arxeoloji tapıntılar, yerli əhali arasında əkinçilik və maldarlıqla yanaşı ev sənətkarlığının da xüsusilə inkişaf etdiyini göstərir. Ev sənətkarlığında toxuculuq, boyaqçılıq, dulusçuluq və metalişləmə sahələri daha çox inkişaf etmişdir. Bunlarla yanaşı nəfis incəsənət əşyalarının hazırlanması işində də Üzərliktəpənin qədim sakinləri xeyli müvəffəqiyyətlər əldə etmişdilər. Onların metaldan, sümükdən, əqiq və pastadan hazırladıqları bilərziklər, sırğalar, müxtəlif formalı muncuqlar, döş asmaları və s. hazırda muzeylərimizi bəzəyən ən yaxşı eksponatlardır.[1]
1965-ci il qazıntıları zamanı Üzərliktəpədən "hərəkət edən ocaq", yəni gildən düzəldilmiş və bir yerdən başqa yerə aparılması mümkün olan manqalvarı kürəcik də tapılmışdır. Buradan aşkar edilmiş maddi mədəniyyət qalıqları içərisində gil qablar xüsusilə çoxluq təşkil edir. Maraqlıdır ki, Xocalı qəbiristanlığından aşkar edilmiş gil qablardan fərqli olaraq Üzərliktəpə sakinlərinin qabları çeşid etibarilə olduqca müxtəlifdir. Buradan sərnic, küzəc, təkqulp dolça, nehrə, müxtəlif ölçülü bardaqlar və s. daha çox aşkar edilmişdir. Lakin ən böyük irəliləyiş ondan ibarət idi ki, Üzərliktəpədə artıq bitkilərdən boyaq rəngi almağın sirlərinə bələd olmuşlar və həmin boyalar vasitəsilə məişətdə işlətdikləri gil 14 qabların bir çoxunu rəngləmişdilər. Bu məqsədlə onlar, başlıca olaraq, iki rəngdən — qara və qırmızı rənglərdən istifadə etmişdilər.[1]
Üzərliktəpədən aşkara çıxarılmış daha bir tapıntı elmi baxımdan son dərəcə maraqlı olub, sakinlərin dini ideologiyasını öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Bu tapıntı qadın bütüdür. Üst təbəqədə daşdan düzəldilmiş ocağın içərisidən tapılmış büt, yerli əhali arasında bütpərəstliyin yayıldığını sübut edir. Ümumiyyətlə Azərbaycan ərazisində hələ Eneolit dövründə müşahidə edilən bu dini təsəvvür sonralar inkişaf edərək antik dövrdə bir növ hökmran rol oynamışdır. Bu dövrdə qadın bütləri çoxluq təşkil edir ki, bu da ananın nəslartırma rəmzi və ya ona həyatın başlanğıcı kimi baxılması ideyasından irəli gəlmişdir.[1]
Arxeoloqlar müəyyən etmişlər ki, Üzərliktəpədə yaşayış eradan əvvəl I minilliyin sonunda kəsilmişdir. Bəs necə olmuşdur ki, insanlar özlərinə əsrlərlə məskən etdikləri bu təpəni tərk etmişlər. Mə'lum olmuşdur ki, Üzərliktəpədə həyat, orada baş vermiş güclü yanğından sonra kəsilmişdir. Həmin yanğından əmələ gəlmiş qalın kül təbəqəsi, məişət əşyalarının yanmış qalıqları arxeoloqları belə bir qənaətə gətirmişdi. Bu yanğının səbəbini isə tədqiqatçılar xarici hücumların nəticəsində görürlər. Beləliklə, eramızdan əvvəl I minilliyin sonunda Üzərliktəpənin tarixi taleyinə son qoyulmuşdur.[1]
Üzərliktəpənin yanğın nəticəsində məhv edilməsinə baxmayaraq, onun kül qatları arasından tapılmış maddi mədəniyyət qalıqları, Qarabağın qədim sakinlərinin öz dövrünə görə böyük bir mədəniyyətə, hərtərəfli təsərrüfat sahəsinə malik olduqlarını və ideoloji cəhətdən bir növ formalaşdıqlarını elmi cəhətdən izləməyə imkan verməklə o, Azərbaycan və eləcə də bütün Zaqafqaziyada ən zəngin abidələrdən biri hesab edilir.[1]