Rustəpəsi

Rustəpəsi yaşayış yeri Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeniabad kəndi ərazisində qədim yaşayış yeri. Yaşayış yeri kənddən şimal-şərqdə yerləşir.


Planda oval formalı, diametri 70 m, hündürlüyü 4 m olan təpədən ibarətdir. Arxeoloji qazıntı ilə bu təpədə qalınlığı 1,4 m-ə çatan eneolit dövrünə aid mədəni təbəqənin varlığı müəyyənləşdirilib. Dən daşları, dişəklənmiş obsidian lövhələr, üzəri cilalanmış kərkişəkilli daş alət, maral buynuzundan əşya, sümük bizlər, sapand daşları, saxsı qab qırıqları tapılmışdır. Saxsı qab fraqmentlərindən birində daraqvarı alətlə üzərinin işlənməsi müəyyənləşdirilib.