Yusifbəyli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.[1]
Yusifbəyli | |
---|---|
39°19′01″ şm. e. 46°42′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yusifbəyli kəndi Qubadlı rayon mərkəzindən 23 km cənub-şərqdə yerləşir. Dəniz səviyyəsindən 730 metr yüksəklikdə yerləşir. Həkəri çayının sol sahilində İncə düzündə yerləşir. Ərazisindən Laçın — Həkəri şose yolu keçir. Həkəri dəmir yolu stansiyası ilə arasındakı məsafə 24 km-dir. Kənd şimaldan Əfəndilər, cənubdan Həmzəli, şərqdən Cəbrayıl rayonunun Dağtumas kəndi və qərbdən Yuxarı Mollu kəndi ilə həmsərhəddir.
Yusifbəyli kəndi Həkəri çayının sahilində, İncə düzündədir. Yerli tələffüzdə Usubbəyli kimi işlənir. Kənd vaxtilə Yusif-bəy adlı şəxs tərəfindən salındığına görə onun adım daşıyır.[2]
Kənd Hacı Cəbrayıl bəyin babası Yusif bəyin adına salınıb. Əhalisi, əsasən, Yusif bəyin törəməsi olduğu üçün kənd Yusifbəyli adlandırılıb. Yerli tələffüzdə Usubbəyli kimi işlənir[3]. Kənd XVIII əsrdə salınıb. Yusifbəyli kəndi ərazisində Söyüdlü bağ, Ərikli bağ, Kəhriz, Ayazgörməz, Mirzə dərəsi, Quyu dərəsi, Maşın Yolu dərəsi, Araba yolu, Keçisaqqalı dərəsi, Sarılıq, Dəyirman dərəsi, Kələyin düzü, Dingin qabağı, Yastı təpə, Dəlləklər, Gəyən düzü, Xəlil bəy bağı, Dəyirman arxı, İncə bulağı, Dəvəaynağı, Məcid yurdu, Yusif yurdu, Yoncalıq, Muxtar bulağı, Qazax Qənbər talası, Hacı Cəbrayıl yurdu, İncə kəhrizi kimi yer adları mövcuddur[4].
Yusifbəyli kəndinin mərkəzində XVIII əsrə aid məscid vardır[5]. 2020-ci ildə Qubadlı azad edildikdən sonra Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı bu məscidin söküldüyü müəyyən edilib.[6]
Çələbi ocağı Hacı Qaraman, Orta əsr qəbiristanlığı, Dəvə oynağı, Üngür, Ovuq ya da Dağ koğuşları (ərəbcə: mağara, kaha — tarixi IV əsrə qədər çatır. Onlar insan yaşayış məskənləri olmuş Blar.) kəbdin tarixiliyinin göstəriciləridir.
Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilir. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qubadlı rayonu işğal olunarkən Yusifbəyli kəndində girov götürülmüş 1932-ci il təvəllüdlü Dostuyev Həsən Qənbər oğlu ilə aparılmış söhbətlə əlaqədar yazılmış 10.01.1995-ci il tarixli arayışda göstərildiyinə görə, ermənilər onu girov götürüb "KAMAZ" maşınına mindirmiş, həmin maşınla kəndi gəzib gözəgəlimli evləri yandırmışlar. Daha sonra Həmzəli kəndində gəzərək salamat binaları yandırmışlar[7].