Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.
Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi.
Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi.
Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi.