Bir kərə yüksələn bayraq, bir daha enməz
"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.
== Tarixi ==
Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.