Yüzillik müharibə
Yüzillik müharibə (İngiliscə: The Hundred Years' War) – Plantagenetlər, Valualar və İngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337-1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu müharibə hər iki rəqib sülalədə nəsillər boyunca davam etmiş, bununla yanaşı bu dövlətlərdə milli kimlik hissi formalaşdırmışdır.
Fransa və İngiltərə taxtları arasındakı bu qarşıdurma İngiltərə kral sülaləsinin fransız əsilli olması səbəbilə, əslində əsrlər öncəsindən qaynaqlanırdı. Bu səbəblə İngiltərə kralları daim Fransadakı bəzi mülklərdə haqq iddia etmiş, beləcə Fransa krallarının vassalına çevrilmişdi. Bundan istifadə edən Fransa kralları isə ingilislərin həddindən artıq yüksəlməsinin önünü almağa çalışmış, onların şotlandlarla olan münaqişələrindən istifadə edərək bölgədəki ingilis mülklərini xırda-xırda ələ keçirmişdilər. Belə ki, vaxtilə Fransa kral mülklərini belə kölgədə qoyan ingilis mülklərindən 1337-ci ildə sadəcə Qaskoniya qalmışdı.
1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi.