II Yelizaveta
Kraliça II Elizabet (bəzi Azərbaycandilli mənbələrdə II Yelizaveta) və ya Elizabet Aleksandra Mariya Vindzor (ing. Queen Elizabeth II, Elizabeth Alexandra Mary Windsor; 21 aprel 1926[…], Meyfer[d], Böyük London – 8 sentyabr 2022, Balmoral qalası[d], Aberdinşir[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.
Elizabet York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (1895–1952) və ledi Elizabet Bouz-Layonun (1900–2002) böyük qızıdır. Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (1865–1936) və kraliça Mariya Tek (1867–1953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (1855–1944) və Sesiliya Bouz-Layondur (1883–1961). Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür. Gələcək kraliça xoş əfval-ruhiyyəli atmosferdə böyüyüb.