1. Kök “yox”dur, -su feil düzəlib (Anadolu türklərində yox-su-maq feili var), qax-sı-maq qəlibi üzrə yaranıb. Yoxsul isə həmin feildən düzəlmiş sifətdir.
2. Mənbələrdə yoxsuz kimi də qeydə alınıb. Sinonimi çığay (kasıb) sözü olub. “Бедность” anlamında yoxsuzluq sözü işlədilib. Qəribə burasıdır ki, yox sözü ilə -suz şəkilçisi birləşəndə müsbət məna alnmalıdır. Çünki iki mənfi mənalı element birləşib müsbət məna verir (müqayisə et: pis deyil, yəni yaxşıdır). Bu baxımdan yoxsuz da, əslində, varlı kimi başa düşülməlidir. Türk dillərində -sal(-sel) şəkilçisi –lı4 şəkilçisinin sinonimidir. Deməli, yoxsul sözü, əslində, yoxsel kimi olub. -lı4 şəkilçisi qoşulduğu sözün mənasına çoxluq əlaməti gətirir: sulu, yəni suyu çox olan, yoxsul da bu baxımdan “kasıblığın çox olan” kimi başa düşülməlidir. Mənbələrdə sözün həm də yoxsuz kimi qeydə alınmasını təhrif kimi qəbul etmək daha inandırıcı olar (yoxsel kəlməsi təhrif nəticəsində yoxsuz olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)